Prezident İlham Əliyevin Edi Rama ilə təkbətək görüşü olub

Martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Baş naziri Edi Rama ilə təkbətək görüşü olub.

 

Azinformasiya.az xəbər verir ki, Edi Rama İlham Əliyevi prezident seçkilərində qələbəsi və COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbrik edib.

Dövlət başçısı təbriklərə görə təşəkkürünü bildirib.

Prezident İlham Əliyev Albaniyanın Baş nazirinə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasında iştirakına görə minnətdarlığını ifadə edib.

Edi Rama da öz növbəsində bu tədbirə dəvətə görə təşəkkürünü bildirib.

Söhbət zamanı Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarının əhəmiyyəti qeyd olunub.

Görüşdə ikitərəfli münasibətlərə toxunulub.

Prezident İlham Əliyevin Albaniyaya dövlət səfəri və Baş nazir Edi Ramanın əvvəllər ölkəmizə səfərlərinin əlaqələrimizin inkişafında rolu vurğulanıb.

Dövlət başçısı BMT və digər beynəlxalq təşkilatlarda Albaniyanın Azərbaycanın haqlı mövqeyini dəstəkləməsini yüksək qiymətləndirib və öz növbəsində Azərbaycanın da bu qurumlarda hər zaman Albaniyanın maraqlarını müdafiə etdiyini deyib.

Görüşdə TAP layihəsinin əhəmiyyəti və onun genişləndirilməsi məsələləri müzakirə edilib, Albaniyanın bu sahədə önəmli rolu qeyd olunub. Albaniyanın qazlaşdırılması layihəsinin icrası ilə bağlı ölkəmiz tərəfindən investisiya qoyuluşu məsələlərinə də toxunulub.

Söhbət zamanı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması və əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir