Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasına sədrlik edib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Nazir çıxışında ortaq köklər və tarixə malik türk dövlətləri arasında birliyin dərinləşdiyini qeyd edərək, dəyişən qlobal çağırışlar fonunda çoxtərəfli tərəfdaşlığın gücləndirilməsinin strateji zərurət olduğunu vurğulayıb.

Nazir Qəbələ Zirvə Görüşündə qəbul edilmiş qərarlar və irəli sürülmüş təşəbbüslər əsasında Azərbaycanın sədrliyi dövründə əldə olunan mühüm nailiyyətlər barədə ətraflı məlumat verib.

Çıxış zamanı Ceyhun Bayramov üzv dövlətlərə Azərbaycanda keçirilən tədbirlərdə fəal iştiraklarına görə təşəkkürünü bildirib. Türk xalqlarının dili, tarixi və mədəni irsinin öyrənilməsinə mühüm töhfə vermiş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş tədbirlər əhəmiyyətli mərhələ kimi qeyd edilib.

Bundan əlavə, Bakıda keçirilən Təhlükəsizlik Şuraları Katiblərinin, Müsəlman Dini İdarələri Rəhbərləri Şurasının və aparıcı milli analitik mərkəzlərin görüşləri də daxil olmaqla, son tədbirlər bu gündəliyin geniş əhatə dairəsini nümayiş etdirib.

TDT-nin beynəlxalq nüfuzunun daha da artırılmasının vacibliyini vurğulayan Nazir, təşkilatın BMT Baş Assambleyasında müşahidəçi statusu əldə etməsinin ortaq hədəflərdən biri olduğunu qeyd edib.

O, türk coğrafiyasında fiziki nəqliyyat əlaqələrinin və tranzit infrastrukturunun gücləndirilməsinin, həmçinin regional dayanıqlılığın və əlaqəliliyin artırılmasının strateji zərurət olduğunu bir daha vurğulayıb.

Həmçinin qeyd olunub ki, biznes icmalarımız və xalqlarımız üçün birbaşa imkanlar yaratmaq məqsədilə ticarət, enerji, İKT, elm, texnologiya və mədəniyyət sahələrində praktiki və sahəvi əməkdaşlığın genişləndirilməsi yüksək prioritet təşkil edir.

Nazir Ceyhun Bayramov, həmçinin qardaş Türkiyəyə Antalyada keçiriləcək COP31 və Ankarada baş tutacaq TDT-nin növbəti – 13-cü Zirvə Görüşünə ev sahibliyi etməsi ilə bağlı uğurlar arzulayıb və Azərbaycanın davamlı dəstəyini bir daha təsdiqləyib.

İclas Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Bəyanatının qəbul edilməsi ilə uğurla başa çatıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir