“Müdafiə Nazirliyinin xüsusi təyinatlı qüvvələri işğal altında olan ərazilərin azad edilməsi üzrə ən mühüm əməliyyatların, ilk növbədə, Şuşa əməliyyatının və bir sıra başqa əməliyyatların keçirilməsində həlledici rol oynayıblar. Onlar bir sıra əməliyyatlar zamanı ölümün üzərinə gedərək, peşəkarlıq və fədakarlıq nümayiş etdiriblər”.
Azinformasiya.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Natsionalnaya oborona” (Milli müdafiə) jurnalına verdiyi müsahibədə bildirib.
“Mən xüsusi təyinatlı qüvvələrə həmişə ayrıca diqqət yetirmişəm. Onların fəaliyyəti, təchizatı, gündəlik məşqləri mənim mütəmadi nəzarətimdə olub. Mən dəfələrlə onlarla görüşmüşəm və görmüşəm ki, biz həqiqətən çox yüksək döyüş qabiliyyətli, çox mürəkkəb məsələləri həll edə biləcək hərbi vahid yaratmışıq. Döyüş əməliyyatlarının gedişinə qayıtmalı olsaq, deməliyəm ki, bu ərazinin relyefi bizim üçün çox əlverişsiz idi. Biz, əslində, dağlara dırmaşırdıq. Erməni tərəfi yüksəkliklərdəki bütün əsas mövqeləri, bir neçə müdafiə xəttini tutmuşdu və relyef də müdafiə xəttidir, o da istehkamdır. Buna görə biz peşəkarlıq və əzmkarlıq möcüzələri, güc və Vətənə sevgi nümayiş etdirməli olduq. Odur ki, mən onların fəaliyyətini çox yüksək qiymətləndirirəm.
Sizin düzgün olaraq qeyd etdiyiniz kimi, biz müxtəlif strukturların tərkibində bir neçə xüsusi təyinatlı bölmə yaratdıq. Sərhəd qoşunlarının xüsusi təyinatlıları hərbi əməliyyatlarda, bir sıra yaşayış məntəqələrinin azad olunmasında çox fəal və səmərəli iştirak ediblər. Mən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlılarını da qeyd etmək istərdim, çünki onlar da hərbi əməliyyatların gedişinə fəal qoşulublar. Biz onları hazırlayır və təchiz edirdik, lakin əvvəlcə onların istifadəsini nəzərdə tutmamışdıq. Sərhəd Xidmətini də, Daxili Qoşunları da döyüş texnikası ilə təchiz etmişdik, ola bilsin ki, bu, onların birbaşa fəaliyyət növü üçün o qədər də səciyyəvi deyildi. Demək istəyirəm, mən bu cür bacarıqlı mobil hərbi qruplar yaradırdım ki, onlar özlərinin birbaşa vəzifələrindən əlavə, ərazilərin azad edilməsi üzrə funksiyaları da yerinə yetirə bilsinlər.
Hərbi əməliyyatların müəyyən mərhələsində biz Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlılarını da cəlb etdik. Onlar Naxçıvandan ezam olunmuşdu və döyüş əməliyyatlarında xüsusi təyinatlı qüvvələrin digər nümayəndələri ilə bərabər iştirak edirdilər. Dəniz piyadaları da, Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin xüsusi əməliyyat qüvvələri də özlərini çox fəal və səmərəli göstərdilər. Beləliklə, bizdə 7 xüsusi təyinatlı qüvvə vardı, lakin əlbəttə, əsas funksiyanı Müdafiə Nazirliyinin xüsusi təyinatlıları yerinə yetirirdi. Onların fəaliyyətinin əlaqələndirilməsi də çox böyük əhəmiyyət kəsb edirdi, çünki onlar bir çox əməliyyatı birlikdə həyata keçirirdilər. Onların fəaliyyətinin əlaqələndirilməsi hərbi əməliyyatın uğurunda çox mühüm rol oynayırdı. Əvvəlki illərdə biz bəzən Müdafiə Nazirliyinin, Sərhəd Xidmətinin, Daxili Qoşunların xüsusi təyinatlılarının birgə hərbi təlimlərini keçirir, onların fəaliyyətinin əlaqələndirilməsini bir növ test edirdik. Lakin bir var bunu hərbi təlim zamanı etmək, bir də var müharibə dövründə. Beləliklə, onlar hamısı qəhrəmanlıq göstərib, yüksək ordenlərlə, medallarla təltif edilib və biz onlarla fəxr edə bilərik”.