Bəzi şəxslərin ölkəmizdə koronavirus pandemiyası əleyhinə aparılan vaksinasiya prosesinə qanunsuz yollarla müdaxilə edərək pul müqabilində ayrı-ayrı vətəndaşlara dair məlumatları “e-tebib” elektron qeydiyyat sisteminə yerləşdirmələri və bununla da guya peyvənd olunmaları ilə bağlı onlara saxta “COVID-19” pasportu satmaları müəyyən olunub.
Azinformasiya.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun yaydığı birgə məlumata görə, avqustun 30-da saxta “COVID-19” pasportu satmaqda şübhəli bilinən Bakı şəhər sakinləri Fikrət Şıxıyev, Eldar Mirzəyev və Şirin Şirəliyev saxlanılıblar.
İlkin dindirmə zamanı onlar hər birindən 225 manat almaqla 40 nəfər şəxsə belə saxta sənəd satdıqlarını etiraf edib. F.Şıxıyevə məxsus “Mercedes” markalı avtomobilə baxış keçirilərkən bir vətəndaşa məxsus vaksinasiyanın hər iki dozası qeyd olunmuş “COVID-19” pasportu, 30 nəfərə aid üzərilərində mobil nömrələri yazılmış şəxsiyyət vəsiqələrinin surətləri və bank kartları aşkar edilərək götürülüb.
Hazırda faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.