Prezident İlham Əliyev İrakli Qaribaşvili ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

 

Azinformasiya.az xəbər verir ki, Baş nazir İrakli Qaribaşvili SPECA-nın Zirvə görüşündə fəxri qonaq qismində iştirak üçün dəvətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib, SPECA-nın 25 illiyi münasibətilə təbriklərini çatdırıb.

 

Gürcüstanın Baş naziri Azərbaycanın SPECA-ya sədrliyi dövründə bu Zirvə görüşünün keçirilməsini yüksək qiymətləndirib.

Dövlət başçısı Gürcüstana səfərini və səfər çərçivəsində aparılan müzakirələri məmnuniyyətlə xatırlayıb.

Söhbət əsnasında Azərbaycan ilə Gürcüstan arasında mehriban dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub. Transxəzər nəqliyyat dəhlizinin inkişafı və bu xüsusda Gürcüstan, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsinin artmasından məmnunluq ifadə olunub. Əməkdaşlığın perspektivləri və qarşılılıq maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir