Laçın rayonunun qaytarılması Azərbaycanın həm siyasi, həm də dövlət və ictimai baxımdan mühüm nailiyyətidir.
Bunu “Report”un Rusiya bürosuna politoloq, Rusiya İqtisad Universitetinin kafedra müdiri Aleksandr Perenciyev bildirib.
“Ermənistan tərəfi özbaşınalıq edərək əldə edilən razılaşmaları yerinə yetirmək istəməyib, Dağlıq Qarabağı tanıyacaqlarını bildirərək mütəmadi olaraq Azərbaycana təzyiq göstərirdi. Lakin indiyədək heç bir işğalçı işğal etdiyi ərazinin müstəqilliyini tanımayıb. Bunun əvəzində həmin torpaqları özününküləşdirmək istəyirdilər. Yəni Azərbaycanla imzalanmış o qədər razılaşmalara baxmayaraq Ermənistan hər vəchlə vaxt qazanmağa çalışırdı. Onlar həmin əraziləri 50, 100 il əldə saxlayıb sonra da “bilirsiniz, artıq bu qədər vaxt keçib, de-fakto bu torpaqlar bizimdir, indi gəlin bunu hüquqi cəhətdən də Ermənistanın bir hissəsi kimi tanıyaq, qurtarsın getsin” deməklə məsələni öz xeyrinə həll etmək istəyirdilər. Lakin Azərbaycan hökumətinin və xalqının qətiyyətli mövqeyi sayəsində bu məkrli plan baş tutmadı”, – deyə ekspert qeyd edib.
Politoloqun fikrincə, Ermənistan bu torpaqlardan öz xoşuna çıxmaq niyyətində olmayıb: “Laçın rayonunun Azərbaycana qaytarılması ilə Ermənistanın planları tam olaraq pozuldu. Üstəlik də, Ermənistanın hər hansı əvvəlki razılaşmanı yerinə yetirmək fikrində olmadığını da etiraf etməliyik. İndi isə yeni mərhələ başlayır, Azərbaycanın azad olunmuş əraziləri küllərin içindən yenidən dirçələcək, qurulacaq”.
Ermənistan baş nazirinin Rusiyaya səfərinin təxirə salınmasına münasibət bildirən rusiyalı politoloq qeyd edib: “Məncə, Rusiya tərəfi bu məsələdə fasilə götürüb. Belə ki, bu gün baş nazir Paşinyanın nə qədər legitim olması da bir qədər müəmmalıdır. Bu vəzifəni qanuni əsasla tutsa da, erməni xalqının həqiqi dəstəyinə arxalanıb-arxalanmadığı böyük sual altındadır. Ona görə də rəsmi Moskva qarşısında problem durur. Yəni erməni xalqının dəstəkləmədiyi bu şəxslə necə danışıqlar aparıla, qərarlar verilə bilər? Ermənistandakı daxili vəziyyət də aydın deyil. Qarşıdakı danışıqlarda da söhbət, yəqin ki, Ermənistanın yox, Nikol Paşinyanın gələcəyindən gedəcək. Fikrimcə, Moskva heç də cənab Paşinyanın sonrakı taleyilə bağlı məsuliyyəti üzərinə götürmək istəməz, bu məsələ erməni xalqının məsələsidir”.