Narkotik qaçaqmalçıları sərhədçilərə atəş açıb, xəsarət alanlar var.
Bu barədə Azinformasiya.Az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, fevral ayının 21-də saat 01:05 radələrində DSX Sahil Mühafizəsinin Cənub regional şöbəsinin “Kələdəhnə” sahil nəzarəti bölməsinin xidməti ərazisində Şahağacı kəndinin cənubunda sahildən təqribən 40 metr aralı məsafədə içərisində 2 nəfərin olduğu “Mitsubishi “Pajero” markalı “10-RS-565” dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması, avtomobildəki şəxslərdən birinin düşərək özünü şübhəli aparması və ətrafı müşahidə edərək kolluqda gizlədilən 1 ədəd kisəni götürməsi sərhəd naryadının diqqətini cəlb edib.
Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan şübhəli şəxslər ərazidən kisəni götürüb avtomobillə hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılıblar.
Onların Astara rayon sakinləri – 1978-ci il təvəllüdlü Ağayev Qurban Fərhad oğlu və Ağayeva Gülşən Vaqif qızı olmaları müəyyənləşdirilib, saxlama zamanı əvvəllər narkotik vasitənin istifadəsinə görə məhkum olunmuş Q.Ağayev silahlı müqavimət göstərərək üzərində olan “BLOW-TR-14” markalı travmatik tapancadan bir necə dəfə atəş açaraq sərhəd naryadının iki üzvünə yüngül xəsarət yetirib. Ərazidə xidmət aparan naryad tərəfindən havaya xəbərdarlıq atəşi açıldıqdan sonra dərhal təxirəsalınmaz tədbirlər həyata keçirilib, hərbi qulluqçular şücaət və yüksək peşəkarlıq göstərərək cinayətkarı saxlayıblar.
Hadisə yerindən götürülən kisəyə baxış keçirilərkən içərisindən ümumilikdə 16 kq 965 qr narkotik vasitəyə (4 kq 085 qr marixuana, 9 kq 920 qr tiryək, 2 kg 090 qr metamfetamin və 870 qr heroin) bənzər maddələr aşkarlanıb.
Q.Ağayevin dəfələrlə məhkum olunmasını və yaşadığı ərazidə narkotik vasitələrin satışı ilə məşğul olan şəxs kimi tanınmasını nəzərə alaraq, onun ətrafında zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilib, Astara Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə yaşadığı evə baxış keçirilib və qarajında rəflərin arasında gizlədilən 1 kisənin içərisindən 1 kq 100 qr marixuanaya bənzər narkotik vasitə aşkar edilərək götürülüb.
Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.