Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Boris Conson Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.
Azinformasiya.Az-ın xəbərinə görə, məktubda deyilir:
“Martın 11-də Böyük Britaniya və Azərbaycan Respublikası diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcəklər. Bu fürsətdən istifadə edərək Böyük Britaniyanın ölkələrimiz arasındakı əlaqələrə verdiyi əhəmiyyəti bir daha qeyd etmək istərdim.
Son 30 il ərzində Böyük Britaniya və Azərbaycan Respublikası mühüm strateji tərəfdaşlığın inkişafı etdirilməsi üçün birgə çalışıblar. Mən çox şadam ki, Böyük Britaniya sərmayələrinin Azərbaycanın enerji sektoruna yatırıldığı ilk vaxtlardan etibarən bu əlaqələr genişlənib və çiçəklənib. İnvestisiya və ticarət artmaqda davam edir, təhsil və mədəni əlaqələrimiz son dərəcə sıxdır, biz iqlim dəyişikliyi və təmiz enerji, regional təhlükəsizlik, qadın və qızlara dəstək daxil olmaqla mühüm məsələlər üzrə getdikcə daha böyük dəyər qazanan əməkdaşlığa nail olmuşuq.
Böyük Britaniya Azərbaycan Respublikasının sarsılmaz və dəstək verən tərəfdaşıdır və bundan sonra da olacaqdır. Qarşıdakı illərdə tərəfdaşlığımızın davamlı şəkildə inkişaf edəcəyini böyük ümidlə gözləyirəm”.