Lənkəran Rayon Prokurorluğunda «Ultra-LTD» MMC tərəfindən konsiqnasiya yolu ilə ixrac olunmuş malların müqabilində pul vəsaitinin müvəkkil bankda olan hesaba köçürülməməsi ilə bağlı araşdırma aparılıb.
Azinformasiya.Az-ın məlumatına görə, araşdırmalarla müəyyən edilib ki, həmin MMC-nin rəhbərliyi tərəfindən 2017-ci ilin mayın 8-dən dekabrın 20-dək olan müddət ərzində xarici ölkələrdə qeydiyyatda olan müxtəlif MMC-lərlə aralarında bağlanılmış alqı-satqı müqavilələri əsasında 13 gömrük bəyannaməsi əsasında həmin ölkələrə saflaşdırılmış qurğuşun məhsulları konsiqnasiya yolu ilə ixrac edilməklə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və ölkəmizin müvəkkil edilmiş bankların hesablarına məcburi qaydada köçürülməli olan ümumilikdə 635 min ABŞ dolları məbləğində külli miqdarda xarici valyuta vəsaiti xaricdən qaytarılmayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 208.2.1-ci (təşkilat rəhbərləri tərəfindən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan külli miqdarda xarici valyuta vəsaitlərini xaricdən qaytarmama) maddəsi ilə cinayət işi başlanıb.
İstintaq davam edir.