Ukrayna Rusiya ilə razılaşmanın əldə olunması üçün şərtlərini açıqlayıb.
Azinformasiya.Az xəbər verir ki, bunu Ukrayna və Rusiya nümayəndə heyətlərinin İstanbulda keçirilən görüşündən sonra hakim “Xalqın xidmətçisi” Partiyasının Ali Radadakı deputat fraksiyasının rəhbəri David Araxamiya brifinqdə söyləyib.
“Beynəlxalq razılaşma hər hansısa təzyiq altında gerçəkləşdirilərsə, bu, tamamilə etibarsız sayılar. Bunun etibarlı olması üçün, ilk növbədə, Ukrayna ərazisində heç bir hərbçi qalmamalıdır, torpaqlarımızı tərk etməlidirlər. Nöqtə”, – o vurğulayıb.
D.Araxamiya söyləyib ki, Rusiya qoşunları Ukrayna ərazisini tərk etməlidir: “Düşmən hərbçilər ərazimizdə olduğu təqdirdə heç bir anlaşma imzalaya bilmərik. Çünki hamımız Vyana Konvensiyasına qoşulmuşuq. Bunu Rusiya heyətinə də bildirmişik. Bundan başqa, Ukraynanın 3 milyondan çox qaçqını da ölkəsinə qayıtmalıdır”.
Ukrayna xarici işlər nazirinin sabiq müavini, Rusiya ilə danışıqlarda nümayəndə heyətinin üzvü Oleksandr Çalı deyib ki, Ukraynanın təhlükəsizliyini təmin etmək istəyirlər: “Təhlükəsizliyimizə zəmanət verən ölkələrin bizim Avropa İttifaqına daxil olmağımızı dəstəkləmələrini istəyirik”.
Onun sözlərinə görə, İstanbul danışıqlarında təhlükəsizlikə bağlı razılaşmalar əldə etmək mümkün olmayıb: “Halbuki bu, ərazi bütövlüyümüz üçün mühümdür. Ukraynaya hücum olsa, təhlükəsizliyimizə təminat verən ölkələrin bizim təhlükəsizliyimiz üçün bütün addımları atmasını istəyirik. Əsas tələbimiz budur”.