Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
AZİNFORMASİYA.AZ xəbər verir ki, təbrik mətnində deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Türkmənistan xalqı və hökuməti adından, habelə şəxsən öz adımdan Sizə və Sizin timsalınızda bütün qardaş Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı bildirməkdən şərəf duyuram.
Bunu qeyd etmək fərəh doğurur ki, Türkmənistan ilə Azərbaycan Respublikası arasında mehriban qonşuluq, dostluq və etimad prinsiplərinə əsaslanan ənənəvi qardaşlıq münasibətləri müasir dövrdə ən geniş istiqamətlər üzrə uğurla inkişaf edir. Ölkələrimiz arasında səmərəli qarşılıqlı əməkdaşlıq son illərdə keyfiyyətcə yeni səviyyəyə yüksəlib.
Türkmənistan bizim tərəfdaşlığımızın mövcud böyük potensialını reallaşdırmaq məqsədilə bundan sonra da qardaş Azərbaycan ilə məzmunlu və yüksək dərəcədə etimada əsaslanan dialoq aparmaq niyyətindədir. Qəti əminəm ki, strateji xarakter daşıyan Türkmənistan-Azərbaycan münasibətləri birgə səylərimizlə qardaş xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcək və dərinləşəcək.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə səmimi qəlbdən möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq arzu edirəm”.