Sinan Oğan Türkiyədəki prezident seçkilərinin ikinci turu ilə bağlı qərarını açıqlayıb.
Azinformasiya.az xəbər verir ki, o, bu gün keçirdiyi brifinqdə prezident seçkilərinin II turunda “Cümhur İttifaqı”nın namizədi, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini bəyan edib.
Onun sözlərinə əsasən, parlamentdə çoxluq qazanan “Cümhur İttifaqı” prezident seçkilərində də qalib gəlməlidir. Sinan Oğan seçicilərini Ərdoğana səs verməyə çağırıb.
Sinan Oğan seçki kampaniyası dövründə onu dəstəkləyənlərə, səs verənlərə təşəkkür edib.
O , seçkilərdə 9 faizdən çox səs alacaqlarını gözlədiklərini qeyd edib.
Bundan əlavə, Sinan Oğan qeyd edib ki, miqrantlar, zəlzələ və iqtisadi məsələlər Türkiyə üçün vacib məsələlər olaraq qalmaqdadır. Sinan Oğanın sözlərinə görə, terrorçuların siyasi qolları siyasətdən təmizlənməlidir və milliyətçilər artıq yenidən türk siyasətində önəmli rol oynayır.
Siyasətçi, eyni zamanda vurğulayıb ki, Türk Dövlətləri Təşkilatı daha da gücləndirilməlidir, onun əməkdaşlıq sahələri genişləndirilməlidir.
Azinformasiya.az