QMİ Ramazan ayının başlaması münasibətilə fətva verib

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Ramazan ayının başlaması münasibətilə fətva verib.

 

Azinformasiya.az xəbər verir ki, fətvada bildirilib ki, Qafqaz Müsəlmanları İdarəsinin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 32/33 saylı və 28 fevral 2024-cü il tarixli cavab məktubuna görə, bu il Ramazan ayının 1-i miladi təqvimlə mart ayının 11-nə təsadüf edəcək:

“Ərəfəsində olduğumuz on bir ayın sultanı olan Ramazanın gəlişi xalqımız üçün bu il də çox əlamətdardır. Çünki bu mübarək ayı Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfər sevinci ilə yanaşı, separatçı rejimin süqutu – müqəddəs bayrağımızın Xankəndidə dalğalanması qüruru ilə qarşılayırıq. Müstəqillik tariximizdə ilk dəfə ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərində qalib Xalq – qalib Lider seçiminin qələbə sevinci bu Ramazanda xeyir-dualarla yad ediləcəkdir. Ramazani-şərifin gəlişi münasibətilə sözü imzası qədər keçərli, siyasi iradəsi, prinsipiallığı ilə ən yeni Azərbaycan tarixində Qarabağ Fatehi və Böyük Qayıdışın Müəllifi adı qazanan, ölkəmizin bütün ərazisində suverenliyimizin tam bərpası kimi tarixi vəzifəni yerinə yetirən və prezidentliyinin yeni mərhələsinə qədəm qoyan dövlət başçımız cənab İlham Əliyevə, eləcə də bu çətin yolda yaxın sirdaşı və yoldaşı olan Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dindarlarımız adından dərin minnətdarlığımızı bildirir, bu mübarək günlərdə onlara ən böyük İlahi nemət olan cansağlığı diləyirik.

İslamın təməl prinsiplərindən olan oruc ibadəti insanı təkəbbür və şöhrətpərəstlikdən uzaqlaşdıran, insanlar arasında birliyi, qardaşlığı, haqqı və ədaləti bərqərar edən, bəşər övladını iman və təqvaya yaxınlaşdıran ibadətdir. Oruc ibadəti insanın haramlardan qorunması üçün bir imtahandır, Allahın insana bəxş etdiyi iradəni gücləndirən, səbri və dəyanəti bütünləşdirən, arzu, ehtiras və nəfsin önünə qalxan kimi sədd çəkən vasitədir. Ramazanda Quran oxumaq, elm-irfan və ibadətlə məşğul olmaq, iftar süfrələri açmaq, xeyriyyəçilik etmək, ehtiyaclı şəxslərə, kimsəsizlərə, uşaq evlərinə, ahıl və qocalara köməklik göstərmək, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək İlahi məqamda bəyənilən əməllərdəndir və savabdır. Tövsiyə edirik ki, duaların qəbul olunduğu bu mübarək günlərdə torpaqlarımız, Vətənimiz uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun, şəhid və qazi ailələrinə qayğı və diqqət göstərilsin. Qazılar Şurası din xadimlərimizin və yerlərdəki imamlarımızın nəzərinə çatdırır ki, Ramazanın vacibatları, qayda və qadağaları, müstəhəb əməlləri barədə dindarlara ətraflı şəkildə məlumatlar və şərhlər verilsin. Xüsusi olaraq bir daha din xadimlərimizə xatırlatmaq istərdik ki, iftardan öncə məclislərdə ehsan verilməsi qəti qadağandır, çünki Allahın hökmü, Peyğəmbərin əmri ilə ehsan adı ilə iftardan əvvəl süfrə açılması şəri baxımdan haram əməldir.

Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi mübarək Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim tərtib edib. Bu təqvim İdarəmizin internet saytında (www.qafqazislam.com) yerləşdirilib. Digər mənbələrdən daxil olmuş, təfriqə xarakterli, məzhəb və vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək təqvimlərin din xadimləri və dindarlarımız tərəfindən istifadəsi qeyri-məqbuldur”.

Bildirilib ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Eydül-Fitr – Ramazan bayramının tarixi barədə məlumat verəcək.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir