“ABŞ-ın Ermənistana ayırdığı maliyyə vəsaitini ciddi şəkildə azaltması təsadüfi deyil və köklü səbəbləri var”.
Bunu “Report” a açıqlamasında politoloq, professor Qabil Hüseynli deyib.
O söyləyib ki, bir müddət əvvəl Ermənistanın Ukrayna müharibəsində Rusiyaya hərbi dəstəyi barədə faktlar ortaya çıxıb. Siyasi icmalçı xatırladıb ki, ABŞ Prezidenti Cozef Bayden müharibədə Moskvaya kömək edən ölkələrlə bağlı ciddi tədbirlər görüləcəyini açıq formada bəyan etmişdi: “Görünür, Vaşinqtonun İrəvana ayırdığı maliyyə vəsatinin həcmindəki dəyişiklik məhz bununla bağlıdır. Hər halda Ermənistanın Kremlin təsirindən çıxa bilmədiyini, onun “çaldığı havanı oynadığını” hər kəs, o cümlədən Vaşinqtonda da görürlər. Əslində, Ermənistanın Rusiyanın təsirindən çıxması mümkün deyil. Çünki orada Kremlin hərbi bazası var. Həmçinin Ermənistan iqtisadiyyatı məhz Rusiyadan asılıdır. Odur ki Nikol Paşinyan hakimiyyəti Qərblə Rusiya arasında hər nə qədər manevr etməyə çalışsa da, bu, bumeranq effekti verir”.
Q.Hüseynlinin fikrincə, ABŞ regionun gələcəyinin Azərbaycandan asılı olduğunu anlayır: “Prezident Bayden bu yaxınlarda dövlət başçımız İlham Əliyevə yazdığı məktubda qarşılıqlı əməkdaşlığı davam etdirmək niyyətində olduğunu bildirmişdi. Qərb yaxşı bilir ki, Bakı regionun əsas gücüdür. Əlbəttə, erməni lobbisi ABŞ-ın Azərbaycana maliyyə vəsaiti ayırmasını istəmir. Bəlkə də, erməni lobbisi buna mane olmağa çalışacaq. Lakin bacarmayacaq. Çünki bu, ABŞ kimi dövlət üçün nüfuz məsələsidir. Erməni lobbisinin belə qlobal məsələdə istəyinə nail olması ABŞ-da dövlətçiliyin olmadığını göstərər. Bu mənada erməni lobbisinin cəhdləri uğursuz olacaq. Dediyim kimi, Qərbdə ölkəmizə diqqət kifayət qədər çoxdur. Bu maraqlar, tərəfdaşlıq erməni lobbisinə qurban verilə bilməz”.
Qeyd edək ki, C.Bayden Administrasiyası ABŞ Konqresini 2023-cü maliyyə ili üçün büdcə təklifində Ermənistana 24 milyon ABŞ dolları ayırmağa çağırıb. Bu 2022-ci maliyyə ili üçün bir neçə həftə əvvəl Konqres tərəfindən ayrılan və Prezident tərəfindən təsdiq edilən məbləğdən 21 milyon dollar azdır. Ağ evin bu addımı ermənilərin ABŞ-dakı əsas lobbi təşkilatı olan Amerika Erməni Milli Komitəsinin (ANCA) narazılığına səbəb olub. Həmçinin erməni lobbisi Prezident C.Baydenin gələn maliyyə ili üçün Azərbaycana 9,7 milyon dollara yaxın yardım istəməsindən narazıdır. Bura Azərbaycanın ABŞ Müdafiə Nazirliyindən 333-cü bölmə (potensialın gücləndirilməsi) çərçivəsində aldığı əlavə vəsaitlər daxil deyil. Hökumət Hesabatlılığı İdarəsinin (GAO) mart ayında açıqladığı hesabata əsasən, Azərbaycan 333-cü bölmə çərçivəsində ABŞ-dan 164 milyon dollardan çox yardım alıb.