Ermənistan təhlükəsizlik böhranı yaşayır.
Azinformasiya.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışında söyləyib.
Paşinyan ölkə müxalifətini tənqid edərək vurğulayıb ki, Ermənistanın təhlükəsizliyi ilə bağlı böhran vəziyyəti 2020-ci ildə deyil, ondan xeyli əvvəl yaranıb.
Baş nazir qeyd edib ki, bu da öz növbəsində ölkə vətəndaşlarını narahat edir:
“İlk növbədə söhbətin hansı təhlükəsizlik böhranından getdiyini anlamaq lazımdır. İndiki vəziyyət müstəqillik dövründə yaradılmış təhlükəsizlik arxitekturasının böhranıdır və 2020-ci ildə yox, ondan öncə yaranıb”.
Paşinyan 27 oktyabr 1999-cu ildə parlamentdə baş vermiş terror aktını xatırladaraq deyib ki, həmin hadisə dərin və ciddi böhranın təzahürü idi.
Hökumət başçısı müxalifətə müraciət edərək qeyd edib ki, böhran indiki hakimiyyət dövründə yaranmayıb və hələ 2011-ci ildə Ermənistanın strateji müttəfiqi Rusiya Azərbaycanla 3 milyard dollarlıq silah müqaviləsi imzalayıb.
Paşinyan, eyni zamanda müxalifət üzvlərinə müraciət edərək onların hakimiyyəti dövründə ehtiyatda olan hərbçilərin neçə dəfə hərbi təlimi keçirildiyini soruşub. Belə ki, təlimlərin keçirilməməsi 2020-ci ildəki müharibəyə təsir etdi, səfərbər olanların böyük hissəsi silahdan istifadəni bilmirdi.
Qeyd edək ki, 44 günlük Qarabağ müharibəsində Ermənistanın məğlubiyyətindən sonra ölkənin hakimiyyət və müxalifət dairələri tez-tez bir-birinin ünvanına sərt tənqidlər səsləndirir və məğlubiyyətə görə bir-birini ittiham edirlər.
Azinformasiya.az