Sentyabrın 24-də Belarus Respublikasının fövqəladə hallar naziri daxili xidmət general-mayoru Vadim Sinyavski ölkəmizə rəsmi səfərə gəlib.
Azinformasiya.az FHN-ə istinadən xəbər verir ki, səfər çərçivəsində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Belarusun fövqəladə hallar naziri Vadim Sinyavski Bakıda təşkil olunmuş 5-ci “ADEX” Azərbaycan Beynəlxalq Müdafiə və “Securex Caspian” Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları sərgilərinin açılış mərasimində iştirak edib, sərgilərlə yaxından tanış olublar.
Bildirilib ki, Azərbaycanda və regionda müdafiə sənayesi və təhlükəsizlik sahəsində mühüm hadisə olan “ADEX” və “Securex Caspian” sərgiləri qabaqcıl texnologiyaların təqdimatı, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və ölkənin müdafiə sənayesinin inkişafı üçün effektiv platforma rolunu oynayır. Sərgilərdə müxtəlif ölkələrin çoxsaylı şirkətləri təmsil olunur.
Azinformasiya.az