Fələstin Baş naziri hökumətin istefasını Prezident Mahmud Abbasa təqdim edib.
Azinformasiya.az WAFA agentliyinə istinadən xəbər verir ki, bu barədə Baş nazir Mohammed Ştayyeh mətbuat konfransında bildirib.
“Bu qərar Qüds şəhəri də daxil olmaqla İordan çayının qərb sahilində görünməmiş eskalasiya, Qəzza zolağında xalqımıza qarşı təcavüzlə bağlı siyasi, təhlükəsizlik və iqtisadi inkişaf fonunda qəbul edilib. Biz işğala qarşı mübarizəyə davam edəcəyik və Milli Hakimiyyət Fələstin torpaqlarında onların iradəsinə zidd olaraq dövlət qurmaq üçün mübarizəni davam etdirəcək”, Baş nazir deyib.
Baş nazir bildirib ki, onun rəhbərlik etdiyi hökumətin qurulmasından beş il keçir və Qəzzadan olan beş nazir də daxil olmaqla, bir sıra siyasi tərəfdaşları özündə birləşdirən peşəkar hökumət olub. “Müvafiq olaraq, mən görürəm ki, növbəti mərhələ Qəzza zolağında yeni reallığı, milli birlik danışıqlarını və milli əsaslara söykənən Fələstin daxili konsensusa təcili ehtiyacı nəzərə alan yeni hökumət və siyasi tədbirlər tələb edir”.
Hakim Fəth partiyasının mərkəzi komitəsinin üzvü olan Mohammed Ştayyeh 2019-cu ildən Fələstinin Baş naziridir.
Azinformasiya.az