Dövlət başçısı İlham Əliyev “Boeing” şirkətinin icraçı vitse-prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da “Boeing” şirkətinin icraçı vitse-prezidenti, “Boeing Commercial Airplanes” şirkətinin prezidenti və baş icraçı direktoru Stenli Dili qəbul edib.

 

Azinformasiya.az xəbər verir ki, görüşdə Azərbaycan ilə “Boeing” şirkəti arasında 8 ədəd müasir “Boeing 787 Dreamliner” təyyarəsinin alınmasına dair bu yaxınlarda razılaşmanın əldə olunması mühüm hadisə kimi qiymətləndirildi. Azərbaycan ilə “Boeing” şirkəti arasında uzun illərdir uğurlu və etibarlı əməkdaşlığın həyata keçirildiyi vurğulandı.

Söhbət zamanı Azərbaycanda nəqliyyat sahəsində böyük işlərin həyata keçirilməsindən bəhs olundu, ölkəmizin mühüm beynəlxalq və regional nəqliyyat habına çevrildiyi, yeni hava limanlarının açıldığı qeyd edildi.

Qarabağda və Şərqi Zəngəzurda yeni hava istiqamətlərinin açılmasının önəmi vurğulandı, əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu.

Görüşdə Formula 1 yarışının Azərbaycanda yüksək səviyyədə təşkil olunduğu bildirildi, ölkəmizə xeyli sayda turistin gəlməsinin önəmi vurğulandı. Azərbaycanın mötəbər tədbirlərin keçirildiyi məkana çevrildiyi və ölkəmizin beynəlxalq əməkdaşlıq işlərinə töhfə verdiyi qeyd edildi.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir