“Buta Airways” Bakı-Ankara-Bakı marşrutu üzrə xüsusi reyslərə başlayır

“Buta Airways” aşağıbüdcəli aviaşirkəti beynəlxalq uçuşların coğrafiyasını genişləndirir. Aviaşirkət Bakıdan Türkiyənin paytaxtı Ankara şəhərinə uçuşları bərpa edəcək. Bakı-Ankara-Bakı marşrutu üzrə xüsusi reyslərin mayın 17-dən etibarən həyata keçirilməsi nəzərdə tutulur.

Bu barədə AZİNFORMASİYA.AZ-a aviaşirkətdən bildirilib.

Məlumata görə, uçuş cədvəlinə əsasən aviaşirkət həftədə iki reys – həftənin birinci və dördüncü günləri uçuşlar yerinə yetirəcək. Azərbaycanın aşağıbüdcəli aviaşirkəti ötən ilin 6 dekabr tarixindən İzmir şəhərinə uçuşlar həyata keçirir, cari ilin 18 mart tarixindən isə Bakıdan İstanbula hava əlaqəsini bərpa etmişdir.

Ölkədəki epidemioloji vəziyyətlə bağlı tətbiq edilmiş məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir – “Standart” və “Super”. Hər iki tarifə ödənişsiz qaydada yer seçimi və hava limanında qeydiyyat opsiyaları daxildir.

Qeyd edilən reyslərə biletlər “Buta Airways” aviaşirkətinin rəsmi saytında (“Super” və “Standart” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərində (yalnız “Super” tarifi üzrə) mövcuddur.

Aviabiletlərin qiyməti 55 avrodan başlayır.

Pandemiya dövründə həmin reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstəriləcəkdir.

Reyslərə mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan kateqoriyalı sərnişinlər qəbul olunacaq.

Xatırladaq ki, Bakı-Ankara istiqaməti üzrə reyslərin sərnişinləri:

– Türkiyə ərazisinə giriş hüququna malik olmalıdılar. Pandemiya dövründə

Türkiyəyə giriş qaydaları ilə aviaşirkətin saytında aşağıdakı keçid vasitəsilə tanış

ola bilərsiniz: https://www.butaairways.az/az/covid/turkey

– koronavirus infeksiyasının olmaması barədə tibbi arayış almalıdırlar.

Azərbaycanda koronavirus infeksiyasına dair testdən keçə biləcəyiniz klinikaların siyahısı aviaşirkətin saytında dərc edilmişdir: https://www.butaairways.az/az/covid/clinics.

Ankara-Bakı istiqaməti üzrə reyslərin sərnişinləri:
– Azərbaycan ərazisinə giriş hüququnun olub-olmadığını yoxlamalıdırlar. Azərbaycan ərazisinə giriş icazəsi olan şəxslərin siyahısı ilə aşağıdakı keçiddən istifadə etməklə tanış ola bilərsiniz: https://www.butaairways.az/az/covid/azerbaijan.
– koronavirus infeksiyasının olmaması barədə arayış almalıdırlar. Testin nəticəsində QR-kod qeyd olunması tövsiyə olunur (QR-kodun həqiqiliyi qeydiyyat masalarında yoxlanılacaq). Türkiyədən uçuş zamanı “Memorial Sağlık Grubu”nun klinikalarından birində və ya ölkənin səhiyyə nazirliyinin saytında dərc olunmuş siyahıdakı klinikalarda test vermək mümkündür: https://hsgm.saglik.gov.tr/tr/haberler/yetkilendirilmis-covi-d-19-tani-laboratuvarlari.html

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Bakıya aviareyslərlə gələn bütün sərnişinlər iki həftə ərzində özünütəcrid şəraitində qalmalıdırlar.

Hər iki istiqamət üzrə reyslərin sərnişinləri COVID-19 testinin nəticəsinin uçuşdan əvvəl 48 saat ərzində etibarlı olduğundan əmin olmalıdırlar.

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə və ölkədəki epidemioloji vəziyyətlə əlaqədar olaraq sərnişinləri qarşılayan və yola salan vətəndaşlar aerovağzal binasına buraxılmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir