Bilal Hayee: “Azərbaycanla iqtisadi əməkdaşlığa əsas diqqət yetiriləcək”

“Pakistanla Azərbaycan arasında iqtisadi əməkdaşlığı genişləndirmək Bakıdakı fəaliyyətimin başlıca istiqaməti olacaq”.

“Report” xəbər verir ki, bunu Pakistanın Azərbaycana yeni təyin olunmuş səfiri Bilal Hayee bildirib.

“Bakıya gəlməmişdən mənə Azərbaycanla iqtisadi əməkdaşlığı inkişaf etdirmək tapşırıldı. Ölkələrimiz arasında ənənəvi olaraq siyasi əməkdaşlıq çox sıxdır, ona görə də iqtisadi əlaqələrimizi daha da dərinləşdirməli, onlara daha çox sinerji gətirməliyik. Bunun üçün geniş imkanlarımız var”, – diplomat deyib. O, bu məsələdə özəl sektorun da üzərinə xeyli məsuliyyət düşdüyünü dilə gətirib.

“Bu baxımdan pandemiyadan sonra iki paytaxt arasında birbaşa uçuşların açılması məsələsinə xüsusi diqqət yetirəcəyəm. Sahibkarlığa gəlincə, bizdə əczaçılıq sahəsi yüksək səviyyədə inkişaf edib. Hazırkı COVID-19 pandemiyası ilə bağlı bu istiqamətdə birgə işlər görə bilərik. Həmçinin turizm də uğur qazanacağımız sahələrdən biri ola bilər. Azərbaycan füsunkar ölkə, Bakı da olduqca müasir şəhərdir, bir çox pakistanlı buraya gəlmək istəyəcək. Digər tərəfdən Pakistanın da rəngarəng təbiəti Azərbaycan vətəndaşlarının marağını cəlb edə bilər”, – səfir vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir