Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilk dəfə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edib.
Azinformasiya.az xəbər verir ki, səfər Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri çərçivəsində baş tutur.
Qeyd edək ki, səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir. Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri Prezident İlham Əliyevin rəhbərliyi ilə Xankəndi və Şuşa şəhərlərində, Ağdərə və Kəlbəcər rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq və inkişaf prosesi çərçivəsində reallaşdırılan sosial və iqtisadi infrastruktur layihələri, o cümlədən tarixi-mədəni irs nümunələrinin mövcud vəziyyəti, onların qorunması və bərpası istiqamətində görülən tədbirlərlə tanış olacaqlar. Bu, diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə 2020-ci ildən etibarən sayca 22-ci səfəridir.
Azinformasiya.az