“Sizi görməyimə şadam. Əminəm ki, səfəriniz uğurlu olacaq. Hərbi sahədə əməkdaşlığımızla bağlı məsələləri həmkarınızla ətraflı müzakirə edəcəksiniz. Bizdə bütün istiqamətlər üzrə işlər yaxşı gedir”.
AZİNFORMASİYA.AZ-ın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Belarus Respublikasının müdafiə naziri Viktor Xrenini qəbul edərkən deyib.
“Prezident Aleksandr Qriqoryeviç Lukaşenkonun Azərbaycana bu yaxınlardakı səfəri bunu bir daha təsdiq etdi. Biz onunla çox ətraflı söhbət etdik, ikitərəfli münasibətlərin geniş gündəliyinə dair danışıqlar apardıq, o cümlədən ölkələrimiz arasında artıq qədim tarixə malik olan hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə etdik. Bu istiqamətdə, həmçinin bütün başqa istiqamətlərdə əməkdaşlığı davam etdirmək əzmindəyik. Ona görə ki, bu gün Belarus və Azərbaycan qarşılıqlı fəaliyyətin, əməkdaşlığın yüksək səviyyəsini nümayiş etdirir”, – Prezident bildirib.