“Bakı şəhər sakini paytaxtın Yasamal rayonu, Bəxtiyar Vahabzadə küçəsi 547-ci məhəllədə yerləşən “Baku Bakery” un məmulatlarının satışı mağazasında istifadə müddəti bitən məhsulların satışı həyata keçirilir”.
Bu barədə “Report”un redaksiyasına daxil olan şikayət məktubunda bildirilib.
Şikayətçi Vüqar Ağamalıyev qeyd edir ki, daimi olaraq adıçəkilən mağazadan son hadisəyə qədər evə dair un məmulatları alırmış:
“Bir dəfə oğlum həmin mağazadan almış olduğu un məmulatlarından hazırlanan məhsuldan zəhərlənib. Bu hal onu göstərir ki, həmin mağaza məhsulların düzgün saxlanılması və qorunması qaydalarına riayər etmir və istifadə müddəti bitən məhsulların satışını həyata keçirir”.
“Bundan başqa, COVID-19 ölkədə tüğyan etdiyi vaxtda gigyena qaydalarının mütləq qaydada riayət edilməli olduğu vaxtda həmin mağazada siçovulların sərbəst şəkildə un məmulatlarının üstündə hərəkət etməsini görmüşəm və bunun aradan qaldırılmasını mağaza sahibindən dəfələrcə xahiş etməyimə baxmayaraq, mağaza sahibi bu halların aradan qaldırılması ilə bağlı hər hansı tədbir görməyib, nəticədə belə hal mobil telefonum vasitəsilə çəkilişini apararaq mağaza barəsində şikayət etmək qərarına gəlmişəm”, – deyə məlumatda bildirilir.
Şikayətçi iddiası ilə əlaqədar Azad İstehlakçılar Birliyinə məktub ünvanlayıb.
“Report” məsələ ilə bağlı “Baku Bakery” un məmulatlarının satışı mağazası ilə əlaqə saxlayıb. Mağazadan bildirilib ki, müəssisə 20 ildən artıqdır fəaliyyət göstərir:
“Biz kiminsə hər hansı iddiasına cavab verən deyilik. Şikayətçi olan şəxs aidiyyəti üzrə müraciət edə bilər. Azərbaycan Qida Təhülkəsizliyi Agentliyi, hüquq-mühafizə orqanları və digər qurumlara şikayətini bildirə bilər. Həmin qurumlar da şikayət əsasında məsələni araşdıra bilərlər”.
AQTA-dan “Report”a bildirilib ki, məsələ barədə Agentliyə məlumat daxil olub: “Vətəndaşın şikayəti AQTA tərəfindən qeydə alınıb, araşdırmalara başlanılıb”.