İstirahət adı ilə ölümə gedən yol: Şəki Yaylasında iki insanın həyatı niyə qorunmadı?

İnsanlar istirahət etmək, bir neçə saatlıq gündəlik həyatın yorğunluğundan uzaqlaşmaq üçün əyləncə mərkəzlərinə gedirlər. Heç kim belə bir yerə gedərkən geri qayıtmayacağını düşünmür.

 

Lakin Şəkinin Baş Kəldək kəndində yerləşən “Şəki Yaylası” istirahət mərkəzində baş verən faciə göstərdi ki, bəzən istirahət kimi təqdim olunan məkanlarda ən funndamental məsələ-insan həyatının təhlükəsizliyi ikinci plana keçə bilər.

Sentyabrın 8-də istirahət mərkəzində kanatın trosunun qırılması nəticəsində iki nəfər yüksəklikdən düşərək həyatını itirib. TƏBİB-in məlumatına görə, hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub və iki kişinin həkiməqədər ölüm faktı qeydə alınıb. Faktla bağlı prokurorluqda araşdırma aparılır.

İndi əsas sual “tros niyə qırıldı” sualıdır. Lakin əslində bundan daha vacib suallar var.

Bu qurğu sonuncu dəfə nə vaxt texniki yoxlamadan keçirilib?

Trosun və digər konstruksiyaların istismar müddəti yoxlanılıbmı?

Kanatın istifadəyə verilməsi üçün hansı təhlükəsizlik standartları tətbiq olunub?

İnsanların həmin qurğuya minməsinə kim və hansı məsuliyyətlə icazə verib?

Və ən əsası: Əgər təhlükəsizliklə bağlı hər hansı problem var idisə, niyə vaxtında aşkarlanmayıb?

Hadisənin ilkin səbəbi kimi trosun qırılması göstərilir. Lakin “tros qırıldı” deməklə məsələ bitmir. Tros öz-özünə qırılmır. Onun texniki vəziyyəti, yükə davamlılığı, aşınması, birləşmə nöqtələri və digər komponentləri mütəmadi yoxlanmalıdır.

Bəzi mediada hadisə ilə bağlı qurğunun standartlara uyğun olmadığı və kustar üsulla quraşdırıldığı barədə iddialar da yayılıb. Ancaq bu məlumatlar hələ də rəsmi qurumlar tərəfindən təsdiqlənməyib. Buna görə də həmin iddiaların hüquqi və texniki araşdırmanın nəticəsi olmadan həqiqət kimi təqdim edilməsi doğru olmaz.

Lakin məhz bu iddianın özü belə ciddi sual doğurur: Ölümə səbəb olan qurğuların təhlükəsizliyinə dövlət və sahibkar səviyyəsində nə qədər ciddi nəzarət edilir?

Çünki söhbət sadəcə bir əyləncə qurğusundan getmir. Söhbət insanların həyatından gedir.

Bir insan kanata minərkən onun trosunun texniki vəziyyyətini yoxlamaq imkanına malik deyil. O, qurğunun təhlükəsiz olduğuna inanaraq pul ödəyir və xidmət alır. Deməli, təhlükəsizliyi təmin etmək məsuliyyəti də ilk növbədə həmin xidməti təqdim edən tərəfin üzərinə düşür.

Bu hadisədən sonra yalnız “araşdırma aparılır” deməklə kifayətlənmək olmaz. Araşdırmanın nəticəsində konkret olaraq müəyyən edilməlidir:

Kanat xətti nə vaxt quraşdırılıb?

Qurğunun texniki pasportu varmı?

Sonuncu texniki baxış nə vaxt keçirilib?

Tros və digər hissələr hansı müddətdə dəyişdirilməli idi?

Qurğu hansı standartlara uyğun olmalıdır?

Hadisə günü kanatın istifadəsinə kim icazə verib?

Təhlükəsizlik qaydalarına əməl olunubmu?

Əgər səhlənkarlıq olubsa buna görə kim məsuliyyət daşıyır?

İki insanın ölümü “bədbəxt hadisə” ifadəsinin arxasında itib getməməlidir.

Çünki əgər texniki nasazlıq vaxtında aşkarlana bilən problem idisə, bu artıq sadəcə bədbəxt hadisə deyil. Bu, qarşısı alına biləcək faciə ola bilər.

İnsanların istirahət etdiyi məkanlarda təhlükəsizlik kağız üzərindıki formal prosedur olmamalıdır. Kanat, attraksion, hovuz, dağ yürüşü marşrutu və digər turizm infrastrukturlarıı insanların həyatını riskə atacaq şəkildə istismar edilirsə, bunun nəticəsi yalnız bir qəza xəbəri ilə məhdudlaşdırılmamalıdır.

Şəki turizm şəhəridir. Bu şəhərə gələn insanın yaddaşında gözəl mənzərələr,tarixi məkanlar və xoş anlar qalmalıdır. İstirahət üçün gələn insanın tabutla geri qayıtması isə turizmin ən acı və qəbuledilməz tərəfidir.

İndi ən böyük məsuliyyət istintaqın üzərindədir.

İki insanın ölümünün səbəbi tam və şəffaf şəkildə ortaya qoyulmalıdır. Əgər səhlənkarlıq varsa, kimliyindən və statusundan asılı olmayaraq məsul şəxslər müəyyən edilməlidir. Əgər texniki standartlara əməl olunmayıbsa, bunun necə baş verdiyi açıqlanmalıdır.

Çünki məsələ artıq yalnız iki ailənin faciəsi deyil.

Məsələ sabah başqa bir insanın eyni qurğuya minərkən həyatını itirib-itirməyəcəyidir.

İstirahət insanı həyata qaytarmalıdır. Həyatdan almamalıdır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir