“Bəzən vətəndaşların narazılıqları vaksin olunmağa gəldikləri zaman növbə gözləmələridir. Qeyd etmək istəyirəm ki, vaksindən öncə bir neçə yoxlanış, məlumatların alınması prosesi bəzən vətəndaşların gözləməyinə səbəb ola bilir”.
Azinformasiya.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi COVID-19-la mübarizə işçi qrupunun üzvü Səbinə Babazadə deyib.
Nazirlik rəsmisi qeyd edib ki, əsas səbəblərdən biri isə qeydiyyatdan keçməmiş vətəndaşların müraciəti zamanı yaranır: “Onların bir-bir qeydiyyata alınması prosesi həqiqətən bəzən çətinliklərə səbəb olur və gözləmələrə gətirib çıxarır. Nəticədə müəyyən narazılıqlara səbəb olur. Bizim işə yardım məqsədi ilə vətəndaşlardan qeydiyyatdan keçmələrini və ya yaxınlarından bu prosesdə onlara yardımçı olmalarını xahiş edirik”.
S.Babazadə eyni zamanda vaksinasiyadan sonra vətəndaşların hər hansı şikayətlərinin olub-olmaması məsələsinə də aydınlıq gətirib: “Təkcə COVID-19 vaksini yox bütün vaksinlərin vurulduqdan sonra müəyyən yan təsirlər özünü göstərə bilər. Halsızlıq, qısa müddətli baş ağrıları, yüngül hərarət və ya inyeksiya yerində az miqdarda ağrı baş verə biləcək normal hallardır. Bəzən vaksinin həyəcanından təzyiqin qalxması da mümkündür. Bu hallar bütün vaksinlər üçün keçərlidir. Hər hansı ciddi bir vəziyyət və yaxud şikayətlə qarşılaşmamışıq”.