Belarus Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkovun Azinformasiya.Az-a müsahibəsi:
– Andrey Alekseyeviç, Azərbaycan və Belarus arasında uzun müddətdir zamanla sınaqdan keçmiş əməkdaşlıq əlaqələri var. Bu əməkdaşlığı bu gün necə xarakterizə edərdiniz?
– İlk növbədə qeyd etmək istərdim ki, Belarus Respublikası ilə Azərbaycan Respublikası arasındakı ikitərəfli əməkdaşlıq on ildən çoxdur strateji tərəfdaşlıq səviyyəsini qoruyub saxlayır. Konstruktiv dialoq və bütün sahələrdə əməkdaşlığın dinamik inkişafı iki ölkə prezidentlərinin – Aleksandr Lukaşenko və İlham Əliyevin yüksək səviyyədə qarşılıqlı anlaşma və etimadına əsaslanır.
25 ildən çox zamanı əhatə edən diplomatik münasibətlərdə Belarus-Azərbaycan dialoqunun güclü ənənələri – ölkələr arasında münasibətlərin möhkəm təməli olmuş dostluq, hörmət və qarşılıqlı anlaşma formalaşıb.
Dövlət başçıları dəfələrlə qeyd ediblər ki, ikitərəfli qarşılıqlı fəaliyyətin prioritetləri istehsal kooperasiyası, tikinti, təhsil, səhiyyə sahələrində birgə layihələr, habelə elm və yeni texnologiyalar sahələrində əməkdaşlıqdır.
Son illərdə münasibətlərimiz yüksəlişdədir və fəal şəkildə inkişaf edir: əlaqələr Belarus və Azərbaycan rəhbərliyi səviyyəsində müntəzəm olaraq davam etdirilir, iki ölkənin hökumətləri arasında sıx əlaqələr qurulub, parlamentlər, xarici işlər nazirlikləri və digər dövlət və özəl strukturlar arasında əməkdaşlıq qurulub.