Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş 8 Mart beynəlxalq qadınlar günü münasibəti ilə məqalə hazırlayıb.
Azinformasiya.az həmin məqaləni təqdim edir:
Birləşmiş Millətlər Təşkilatına rəhbərlik etdiyim on ilə yaxın müddət ərzində dünyamızın iqlim şokları, dərinləşən yoxsulluq, amansız münaqişələr və vətəndaş cəmiyyətinin getdikcə məhdudlaşan fəaliyyət imkanları nəticəsində dəfələrlə sınağa çəkildiyinin şahidi olmuşam.
Ancaq mən, eyni zamanda bir çox həll yollarının bəhrə verdiyini də müşahidə etmişəm və hamısını birləşdirən bir ortaq məxrəc var: qadınlar.
Dünyanın Beynəlxalq Qadınlar Gününü qeyd etdiyi bir vaxtda, gender bərabərsizliyinin dövrümüzün ən böyük insan hüquqları çağırışı olduğunu, bərabərliyin təmin edilməsinin isə dayanıqlı inkişafın və sülhün ən güclü təkanverici qüvvələrindən biri olduğunu qəbul etməyin vaxtıdır.
Qadın hüquqlarının gücləndirilməsi və konkret nəticələrin əldə olunması üçün öz şəxsi təcrübəmə əsaslanaraq və BMT sisteminin fəaliyyətindən və dünyanın müxtəlif yerlərindəki vətəndaş cəmiyyəti hərəkatlarından ilhamlanaraq müəyyən etdiyim 8 addımı təqdim edirəm.
1. Səlahiyyət bölgüsündəki bərabərsizliyi aradan qaldırmaq
Gender bərabərliyi səlahiyyət məsələsidir. Ancaq dünyamızı hələ də kişilərin üstünlük təşkil etdiyi təsisatlar formalaşdırır. Artan birmərkəzli güclər dalğası bu bərabərsizlikləri daha da dərinləşdirir, ədalətli əmək təcrübələrindən tutmuş reproduktiv hüquqlara qədər çətinliklə əldə edilmiş təminatları zəiflədir, qadınların inkişafına mane olan irqi və gender əsaslı qərəzləri daha da ddərinləşdirir. Gender bərabərliyi cəmiyyətləri irəli aparır. Səlahiyyət bölüşdürüldükdə, azadlıqlar daha da genişlənir.
2. Pariteti prioritetə çevirmək
Bütün dünyada qadınlar hökumətlərdə və idarə heyətlərində kəskin dərəcədə az təmsil olunurlar. Birləşmiş Millətlər Təşkilatında biz, rəhbərliyin yuxarı pillələrindən başlayaraq, gender paritetini prioritetə çevirməyi hədəflədik. Biz buna standartları aşağı salmaqla deyil, ixtisaslı namizədlərin axtarış dairəsini genişləndirməklə nail olduq. Nəticədə, təkmilləşdirilmiş iş mühiti mədəniyyəti və daha inklüziv qərar qəbulu prosesləri ilə BMT hazırda daha güclüdür. Dərs aydındır: təsisatlar bərabərliyi seçdikdə, konkret nəticələr də əldə olunur.
3. Ən yüksək gəlirli investisiyaya üstünlük vermək
Qadınlara yönəldilən investisiyalar misilsiz səmərə verir. Qızların təhsilinə xərclənən hər bir dollar təxminən üçqat qazanc gətirir, həmçinin ana sağlamlığı və ailə planlaşdırılmasına ayrılan vəsaitlər səkkiz dəfədən çox fayda yaradır. Uşaqlara və ahıllara qayğı kimi ailələri dəstəkləyən siyasətlər icmaları gücləndirir və daha böyük artım üçün yeni imkanlar açır. Bütün bunları nəzərə aldıqda, bu cür addımlar gender fərqlərinin aradan qaldırılması üçün təməl yaradır və bu, milli gəliri 20%-ə qədər artıra bilər.
4. Sülh masasında qadınlara yer ayırmaq
Sülh sazişlərinin müzakirəsi və icrasında qadınlar iştirak etdikdə, bu razılaşmalar daha davamlı olur. Ancaq Qəzza, Ukrayna və Sudan da daxil olmaqla, bir çox münaqişələrdə, müharibənin ən ağır yükünü daşımalarına baxmayaraq, qadınlar qərar qəbulu proseslərindən böyük ölçüdə kənarda qalırlar. Qeyri-sabitliyin artdığı bir dövrdə inklüzivlik sadəcə rəmzi xarakter daşımır, o həm də parçalanmış dünyamızda sabitliyin bərpasına gedən ən qısa yoldur.
5. Hüquqi ayrı-seçkiliyə son qoymaq
Dünya miqyasında qadınlar kişilərin malik olduğu hüquqi imtiyazların yalnız 64 faizinə sahibdirlər. Bir çox yerlərdə qadınların mülkiyyət sahibi olmaq, sərbəst şəkildə çalışmaq və ya boşanmaq hüququ yoxdur. Hüquqi müdafiə mexanizmlərinin mövcud olduğu yerlərdə belə, qadınlar hüquqi yardıma və ya məhkəmələrə müraciət edərkən daha böyük maneələrlə üzləşirlər. Hər bir dövlət ayrı-seçkilik yaradan qanunları ləğv etmək və hüquqların praktiki olaraq təmin olunmasını dəstəkləmək barədə öhdəlik götürməlidir.
6. Gender əsaslı zorakılığa qarşı dözümsüzlük nümayiş etdirmək və heç bir bəhanəyə rəvac verməmək
Qadınlara qarşı zorakılıq təməlində bərabərsizliyin dayandığı və sükutun gücləndirdiyi qlobal bir böhrandır. Hər bir qadın və qız qorxusuz yaşamaq hüququna malikdir. Buna baxmayaraq, gender əsaslı zorakılıq, o cümlədən cinsi istismar və zorakılıq etimadın və bəşəri dəyərlərin dəhşətli pozuntusu olaraq həyatımızda qalmaqdadır. Biz hər yerdə sıfır dözümlülük, tam hesabatlılıq və zərərçəkmişlərə sarsılmaz dəstək nümayiş etdirməklə bununla mübarizə aparmalıyıq.
7. Alqoritmləri qərəzdən təmizləmək
Texnologiya sahəsində çalışan hər dörd nəfərdən yalnız birinin qadın olması səbəbindən gender qərəzi gündəlik həyatımızı formalaşdıran sistemlərin tərkib hissəsinə çevrilir. Eyni zamanda, internet mühitində qadınlara qarşı nifrət kəskin şəkildə artır. Texnologiya şirkətləri və hökumətlər təhlükəsiz və inklüziv rəqəmsal məkanların qurulması üçün birgə fəaliyyət göstərməli, dünya isə qızların elm və texnologiya sahəsində üzləşdikləri maneələrin aradan qaldırılması üçün daha çox səy göstərməlidir.
8. Gender amilini iqlim planlarına daxil etmək
İqlim dəyişikliyi gender baxımından neytral deyil. Qida böhranları zamanı qadınlar çox vaxt ən sonda qidalanır, fövqəladə hallarda isə daha böyük təhlükələrlə üzləşirlər. Dolanışıq vasitələri məhv olduqda, qızlar arasında erkən nikaha daxilolma riski kəskin artır.
Ancaq qadınlar həm də iqlim həllərinə rəhbərlik edirlər: onlar “yaşıl” qanunvericiliyi təşviq edir, qlobal hərəkatlara təkan verir və yerlərdə real dəyişikliklərə nail olurlar. Planetin yaşayış üçün əlverişli olması üçün gender amilinə həssas iqlim siyasətləri, eləcə də “yaşıl” iş yerlərinə bərabər çıxış imkanı, fövqəladə hallarda daha yaxşı müdafiə və ekoloji qərarların qəbulu prosesində tam iştirak tələb olunur.
Dünyanın müxtəlif yerlərində, mən bu 8 həll yolunun tətbiq edildiyinin şahidi olmuşam: müharibə zonalarında və bərpa səylərində, parlamentlərdə və tədris otaqlarında, təşkilatlarda və icmalarda.
Əgər liderlər gender bərabərliyi məsələsinə ciddi yanaşsalar və bu addımların atılmasına dair indi öhdəlik götürsələr, biz dünyanı həm qadınlar və qızlar üçün, həm də hamımız üçün daha yaxşıya doğru dəyişəcəyik.
Azinformasiya.az