Tehran uranın dinc məqsədlər üçün zənginləşdirilməsindən imtina etməyəcək.
Azinformasiya.az xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi bildirib.
Abbas Əraqçi deyib ki, keçmişdə ABŞ İrandan uranın zənginləşdirilməsindən imtina olunmasında israr edib: “Bu, bizim üçün tamamilə qəbuledilməz idi. Biz son görüşdə ölkəmizin bu mövqeyini qətiyyətlə bildirmişik. Görüşdə də dediyimiz kimi, Tehranın İran alimlərinin məhsulu olan uranın mürəkkəb zənginləşdirməsi texnologiyasından istifadə etmək üçün prinsipləri var. Bu, xaricdən idxal etdiyimiz bir şey deyil ki, indi imtina edək, sonra da xaricdən idxal edək. Bu, alimlərimizin əldə etdiyi və özümüz yaratdığımız çox böyük bir elmi nailiyyətdir. Alimlərimiz bu nailiyyətə görə öldürüldülər. Uranın zənginləşdirməsinə görə nüvə alimlərimizin günahsız qanı töküldü və sonra bunun üçün mübarizə apardıq. 12 gün döyüşdük və bu ölkənin mindən çox insanı həyatını itirdi. Bu nailiyyət artıq milli qürur və şərəf məsələsinə çevrilib. Biz uranın zənginləşdirməsi də daxil olmaqla, dinc nüvə enerjisindən istifadə hüququndan heç vaxt imtina etməyəcəyik”.
Azinformasiya.az