Qordon Braun: İndi qaydalara əsaslanan nizamın güc siyasəti ilə əvəz olunduğu bir dövrdəyik

“İndi qaydalara əsaslanan nizamın güc siyasəti ilə əvəz olunduğu bir dövrdəyik”.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Böyük Britaniyanın sabiq Baş naziri Qordon Braun BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Çoxtərəflilik yol ayrıcında: Çağırışlar və sülhə gedən yol” adlı yan tədbirdə çıxışı zamanı deyib.

Qordon Braun qeyd edib ki, bu tədbirdə çoxtərəfli əməkdaşlıq barədə danışmaq onun üçün böyük şərəfdir: “BMT-nin yaradılmasından 80 il keçir. Niyə bu gün biz dünyada tənəzzül müşahidə edirik? Niyə Ukraynada müharibə davam edir? Dünyada hazırda 50-yə yaxın vətəndaş müharibəsi və silahlı münaqişə var və onların demək olar ki, hər birində humanitar hüquqların və insan hüquqlarının kobud şəkildə pozulduğunu görürük.

Biz indi qaydalara əsaslanan nizamın güc siyasəti ilə əvəz olunduğu bir dövrdəyik. Mənim gəldiyim Avropada populist, sağçı, millətçi partiyalar bir çox ölkədə – İngiltərə, Fransa, Almaniya, İtaliya, Avstriya, Belçika, Hollandiya – rəy sorğularında ön sıralardadır. Bu tendensiyanı yalnız Avropada deyil, eyni zamanda Amerikada, Latın Amerikasında və dünyanın bir çox yerlərində müşahidə etmək olar. Niyə qaydalara əsaslanan nizamdan gücə əsaslanan nizama keçid baş verir? Bunun qarşısını almaq üçün nə edə bilərik? Bəli, bütün bunları sadəcə siyasi liderlərin uğursuzluqları ilə izah etmək olar. Bu, müəyyən qədər doğrudur. Mən Baş nazir olanda da müxtəlif ittihamlarla üzləşirdim – uğursuzluqlar, səhv qərarlar, zəif ünsiyyət və s. Mən əvvəllər maliyyəçi idim və tez-tez deyirdim: yalnız iki növ maliyyəçi var – uğursuz olanlar və vaxtında geri çəkilməyi bacaranlar. Çörçilin sözləri yadıma düşür: siyasətçi yaxşılıq üçün israrlı, etibarlılıq üçün möhkəm və gücsüzlüyə qarşı qətiyyətli olmalıdır. Mənim dostum Braziliya Prezidenti Lula müxalifət lideri olduqda deyirdi ki, günah hökumətdədir.

Prezident olanda isə, insanlar yenə şikayətlənirdi və Lula zarafatla deyirdi: “İndi günah Amerikadadır.” Bu hekayə göstərir ki, problemlər təkcə bir liderin və ya bir ölkənin səhvi deyil. Dünyada fəaliyyət göstərən əsas qüvvələr var və biz onları anlamağa çalışmalıyıq”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir