“Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılmaqdadır”.
Azinformasiya.az Tasnimə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Prezidentin köməkçisi bildirib ki, Cənubi Qafqaz regionunda məhz Azərbaycanın yürütdüyü siyasət nəticəsində torpaqlarımız işğaldan azad olundu, Azərbaycan öz ərazi bütövlüyünü tam şəkildə təmin etdi: “Regionda sülh üçün çox münbit şərait yaranıb. Cənubi Qafqazda yeni status-kvo və yeni reallıq yaranıb. Bu status kvo da işğala, təcavüzə deyil, beynəlxalq hüququn norma və prinsiplərinə, legitimliyə, qanuniliyə əsaslanan münasibətlərdir. Ermənistanla münasibətlərin normallaşdırılması üçün sülh müqaviləsinin mətni də rəsmi Bakı tərəfindən Ermənistan tərəfinə təqdim olunub. Bu, Azərbaycanın regional sülh gündəliyinə nə qədər sadiq olduğunun, nə qədər dəstəklədiyinin bariz təcəssümüdür. Müsbət tərəf odur ki, sülh sazişinin mətni razılaşdırılıb. Bununla bərabər Ermənistanla razılaşdırılmayan açıq məsələlər qalır. Ermənistanın konstitusional əsasda Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır ki, regionda davamlı, qəti sülhə biz nail olaq. Lakin məmnunluqla deyə bilərik ki, Azərbaycan və Ermənistanın müstəqilliyini əldə etməsindən bu yana regionda sülh üçün əlverişli şərait var. Bu gün regionda həqiqətən sülh, sabitlik var. Defakto deyə bilərik ki, regionda sülh var. Bunun hüquqi çərçivəyə salınması eçün Azərbaycan üzərinə düşən səyləri davam etdirəcək ki, regionda qəti sülh bərqərar olsun”.
Azinformasiya.az