Ermənistanda əhalinin qaza görə ödəniş edə bilməməsi “Qazprom”u narahat edib.
Azinformasiya.Az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə “Qazprom Armeniya”nın baş direktoru Qrant Tadevosyan danışıb.
“Hələlik şirkət üçün ciddi maliyyə problemi yaratmasa da, noyabrda abunəçilər arasında qaza görə ödəməmə halları artıb. Hökumətlə ödəmələrin bərpa edilməsi üzərində işləyirik. Sadəcə, indi konkret addımlardan çəkinirik – fikrimcə, başa düşürsünüz niyə”, – “Qazprom”un Ermənistan üzrə baş direktoru bildirib.
Qeyd edək ki, Ermənistanda 2020-ci ilin noyabrında ödəməmə halları 2019-cu ilin eyni dövrü ilə müqayisədə kəskin şəkildə artıb. Belə ki, 2019-cu ilin noyabrına görə ev təsərrüfatlarının ümumi qaz xərclərinin 0,6 % ödənilmədiyi halda bu göstərici 2020-ci ilin eyni dövrünə görə 6,6 % təşkil edib. Müəssisələrdə isə bu göstərici 1,1 %-dən 1,6 %-ə yüksəlib. Buna görə də ay üzrə olan borc ilə yanaşı uzunvədəli (yarımildən çox) borclar da artıb. 2019-cu ilin noyabrı ilə müqayisədə ev təsərrüfatları arasında ödənişdən yayınanların sayı təxminən 3 320-dən 4 600-ə yüksəlib. Müəssisələrdə bu göstərici 1 224-dən 1 252-yə çatıb. Bununla əlaqədar yeni məhkəmə işlərinə başlanıb. Onların da sayı artaraq 834-dən 1 104-ə çatıb.