“Britaniya parlamenti tərəfindən qəbul edilmiş Qeyri-qanuni Miqrasiya Qanunu ölkənin beynəlxalq insan hüquqları və qaçqın hüququna dair öhdəlikləri ilə ziddiyyət təşkil edir. Bu, beynəlxalq müdafiəyə ehtiyacı olan insanlar üçün ağır nəticələrə səbəb olacaq”.
Azinformasiya.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları üzrə Ofisi və BMT-nin Qaçqınlar üzrə Agentliyinin birgə bəyanatında deyilir.
“Qanun təqiblərlə üzləşmədiyi ölkələrdən qısa müddət ərzində keçərək qeyri-müntəzəm gələn hər kəsin Böyük Britaniyaya sığınacaq almaq hüququnu ləğv edir. Bu, onların vəziyyətlərinin nə qədər məcburedici olmasından asılı olmayaraq, qaçqınların müdafiəsi və ya başqa insan hüquqları iddialarını təqdim etmələrini qadağan edir. Bundan başqa, bu, onların digər ölkəyə göndərilməsini tələb edir və orada onların mütləq müdafiəyə çıxış əldə edə biləcəklərinə heç bir zəmanət verilmir”, – bəyanatda deyilir.
“Böyük Britaniya onilliklər ərzində öz beynəlxalq öhdəliklərinə uyğun olaraq ehtiyacı olanlara sığınacaq verib – bu ənənə ilə haqlı olaraq fəxr edir. Bu yeni qanunvericilik çoxlarını müdafiə edən, qaçqınları beynəlxalq hüququ pozaraq ciddi risklərə məruz qoyan hüquqi çərçivəni əhəmiyyətli dərəcədə aşındırır”, – BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib. Qanun layihəsi təqib riski altında olub-olmamasından, insan hüquqlarının pozulmasından və ya insan alverindən qurtulmuş olub-olmamasından asılı olmayaraq, Böyük Britaniyada müdafiə olunmaq imkanını rədd edir.
BMT-nin İnsan Haqları üzrə Ali Komissar Volker Turk isə bildirib ki, bu şərtlər altında geri göndərilmə, kütləvi deportasiya ailə və şəxsi həyatla bağlı haqlara ziddir.
“Müharibədən və təqiblərdən qaçan insanların əksəriyyəti pasport və viza kimi rəsmi sənədlərə ya sahib deyil, ya da əldə edə bilmir. Təhlükəsiz və “qanuni” marşrutlar onlar üçün nadir hallarda mövcuddur. 1951-ci il Qaçqınlar Konvensiyası, öz növbəsində, qaçqınların qeyri-qanuni olaraq sığınacaq ölkəsinə daxil olmağa məcbur ola biləcəyini açıq şəkildə qəbul edir.
Qanunvericilik Böyük Britaniyaya qeyri-müntəzəm gələn insanların onsuz da həssas vəziyyətini ağırlaşdıracaq, onların insan hüquqlarından istifadəni kəskin şəkildə məhdudlaşdıracaq və onları həbs və yoxsulluq riski ilə qarşı-qarşıya qoyacaq.
Nəticədə onların sağlamlıq, adekvat həyat səviyyəsi və işləmək hüquqları sui-istifadə riskinə, istismara məruz qalacaq”, – BMT institutlarının birgə bəyanatında qeyd olunub.
“Çox ciddi beynəlxalq hüquqi narahatlıqlar yaratmaqla yanaşı, bu qanun qaçqınlar və beynəlxalq insan hüquqlarına potensial mənfi təsir göstərərək, başqa ölkələrin, habelə Avropanın əməl etməyə cəhd etdiyi öhdəliklərin aradan qaldırılması üçün həyəcanverici presedent yaradır. Böyük Britaniya uzun müddətdir ki, beynəlxalq insan haqları və qaçqınlar hüququna riayət etmək öhdəliyinə malikdir. Bu gün belə öhdəlik hər zamankından daha çox vacibdir. Mən Böyük Britaniya hökumətini bu qanunu ləğv etməklə və bütün miqrantların, qaçqınların və sığınacaq axtaranların hüquqlarına ayrı-seçkilik olmadan hörmət edilməsini, qorunmasını və yerinə yetirilməsini təmin etməklə insan hüquqlarına dair bu öhdəliklərini yeniləməyə çağırıram. Bu, sığınacaq və insan hüquqları ilə bağlı iddiaların sürətli və ədalətli işlənməsini təmin etmək, qəbul şərtlərini yaxşılaşdırmaq və müntəzəm miqrasiya üçün təhlükəsiz yolların mövcudluğunu və əlçatanlığını artırmaq üçün səyləri əhatə etməlidir”, – Ali Komissar Volker Turk diqqətə çatdırıb.
Azinformasiya.az