Ukrayna Krımın işğaldan azad olunmasından sonra Rusiyanın hakimiyyət orqanları ilə əməkdaşlıq etmiş 10 minə yaxın kollaborantı məsuliyyətə cəlb edəcək.
Azinformasiya.az xəbər verir ki, bunu “Newsweek”ə müsahibəsinə Ukrayna Prezidenti Volodimir Zelenskinin Krım Muxtar Respublikasındakı daimi nümayəndəsi Tamila Taşeva söyləyib.
“Əksəriyyətə məsuliyyətə cəlb olunacaq, ancaq bu, milyonlarla, hətta yüz minlərlə insan olmayacaq. Bu, bəlkə də 10 000 nəfər olacaq”, – o bildirib.
Taşevanın sözlərinə əsasən, Ukrayna artıq Krımda müxtəlif orqanlar, öz vətəndaşları ilə əlaqə saxlayır və onlara deyir ki, mümkünsə yarımadanı tərk etsinlər, işğalçılarla əməkdaşlıq etməsinlər.
“Lakin siz qalıb rusiyalıların törətdiyi qeyri-qanuni işğal və hərbi cinayətlərdə iştirak etsəniz, cavab verəcəksiniz. Bu, asan proses olmayacaq”, – o vurğulayıb.
Prezidentin nümayəndəsi, həmçinin qeyd edib ki, gələcək proseslər, eləcə də sabiq məmurların – işğal administrasiyaları ilə əməkdaşlıq etmiş Ukrayna vətəndaşlarının təmizlənməsi üçün hüquqi baza hazırlanır.
“Onlara azı bir neçə il dövlət və ya rəsmi vəzifələrdə işləmək qadağan olunacaq”, – Taşeva təmizlənmə altında olan Ukrayna rəsmiləri haqqında bildirib.
Azinformasiya.az