Stoltenberq: Vilnüs sammitində NATO-nu gələcəyə uyğunlaşdırmaq üçün önəmli qərarlar aldıq

“Biz bu iki gündə Alyansımızı gələcəyə uyğunlaşdırmaq üçün önəmli qərarlar aldıq”.

 

Azinformasiya.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Vilnüsdə keçirilən NATO Sammitinin yekununa dair mətbuat konfransında söyləyib.

“Biz “Soyuq Müharibə”dən bəri NATO-nun ən detallı və güclü Müdafiə Planı barədə razılığa gəldik, müdafiə sahəsinə investisiyaların artırılmasına sadiqliyimizi daha da gücləndirdik. Biz Ukraynanı Alyansımıza daha da yaxınlaşdırmaq və bu ölkəyə uzunmüddətli yardımın təmin olunması barədə razılıq əldə etdik və dünyanın müxtəlif nöqtələrindəki tərəfdaşlarımızla əməkdaşlığı daha da dərinləşdirdik”, – Yens Stoltenberq vurğulayıb.

NATO baş katibi xatırladıb ki, bu gün Ukrayna-NATO Şurasının ilk iclası keçirilib: “Bundan sonra Ukrayna və NATO bərabər tərəfdaşlar kimi çıxış edəcək ki, bu da Ukraynanı Alyansa daha da yaxınlaşdıracaq. Bu sammitdə NATO-nun aparıcı tərəfdaşlarının Ukraynaya yeni hərbi yardım paketlərini elan etməsini də alqışlayıram. Rusiyanın işğalına qarşı NATO müttəfiqləri indiyə kimi Ukraynaya milyardlarla dollar dəyərində hərbi yardım edib. On minlərlə ukraynalı hərbçi NATO ölkələrində təlim keçib və keçir. Ukrayna torpaqlarını azad etməyə davam etdiyi vaxtda ehtiyac olduğu qədər biz Ukraynanın yanında dayanacağıq. Ukrayna indi NATO-ya heç vaxt yaxın olmadığı qədər yaxındır. Müttəfiqlər təsdiqləyir ki, Ukrayna NATO-nun üzvü olacaq”.

Stoltenberq diqqətə çatdırıb ki, Moskvanın Ukraynada apardığı müharibə və Çinin təzyiq yönümlü siyasəti NATO-nun Aİ və Hind-Sakit Okeanındakı tərəfdaşları ilə daha yaxın əməkdaşlığını önəmli edir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir