Bizi məmur təzyiqindən və təqibindən xilas edin, cənab Prezident…
“AZİNFORMASİYA.AZ” xəbər verir ki, “Gündəlik-Bakı” qəzetinin rəhbərliyi cənab Prezident İlham Əliyevə müraciət edərək bildirir ki, uzun illər rəhbərlik etdiyimiz mətbu orqan olaraq dövlətin, dövlətçiliyin keşiyində dayanaraq, Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı olaraq Sizin yeritdiyiniz siyasi kursun həyata keçməsi üçün əlimizdən gələni, imkanımız daxilində olanı etməyə çalışmışıq.
Əlbəttə, bu bizim həm də bir vətəndaş olaraq borcumuzdur.
Lakin bu yolda xeyli əngəllərlə də qarşılaşdığımızı deməsək olmur.
Belə ki, fəaliyyət göstərdiyimiz 20 ilə yaxın müddətdə xeyli təhdid və təzyiqlərlə də rastlaşmışıq.
Möhtərəm Prezident !
Siz bir dəfə dediniz ki, mənə ünvanlanan məktublar mənə gəlib çatmırdı, bəzi məmurlar buna imkan vermirdi.
Cənab Prezident !
Müraciəti Sizə yetişməyən yüzlərlə, minlərlə vətəndaşın bircə yolu qalırdı:
Bizə, yəni mətbuata müraciət etməklə şikayətlərini ictimailəşdirmək, fikir və düşüncələrini media vasitəsilə Sizə çatdırmaq….
Biz bir media qurumu olaraq bütün maneələrə baxmayaraq həmin vətəndaşların şikayətlərinin Sizə çatması üçün hər cürə riskə gedirdik.
Bəli, bəzi məmurlar üçün həmin şikayətlərin Sizə çatması onlar üçün olum-ölüm məsələsi demək idi.
Ona görə də zaman-zaman həmin məmurlar tərəfindən hər cürə təzyiqə, təqibə, təhdidə məruz qaldıq.
Ancaq bu günədək haqq yolumuzdan dönmədik.
Digər tərəfdən, axı bir media olaraq bizim imkanlarımız yetərincə olmayıb. Ki, sonadək həmin şikayətləri araşdırıb axıra çatdıraq.
Obrazlı dildə desək, dövlət qurumlarından fərqli olaraq bizim “slujba”mız, xidməti personalımız kifayət qədər yoxdur.
Ancaq buna baxmayaraq vətəndaşların şikayətlərinin, elə də müxtəlif qurumlarda baş verən korrupsiya hallarının ictimailəşdirilməsi üçün mümkün olan hər şeyi bu illər ərzində etmişik.
Bütün bunların əvəzi olaraq bu günədək dəfələrlə təkcə məmur təzyiqləri ilə deyil, həm də məhkəmə çəkişmələri ilə üz-üzə qalmışıq.
Bəzi məmurlar məhkəmələrdən istifadə edərək bizi cəzalandırmağa cəhd ediblər, hətta bəzən buna nail olublar.
Bütün bunları etməkdə məqsədimiz dövlətimizə, cəmiyyətimizə xidmət etmək olub.
Cənab Prezident !
Siz həmişə məmurlara demisiniz ki, məmurun 1-ci vəzifəsi xalqa xidmət etməkdir və xalqın 1-ci xidmətçisi mənəm…
Biz media qurumları da Sizdən nümunə götürərək, xalqımıza və cəmiyyətimizə xidmətçi olmağa çalışmışıq.
Cənab Prezident !
Bizim bu yolda heç bir şəxsi marağımız və təmənnamız yoxdur.
Amma bir məsələni Sizinlə tam səmimi bölüşmək istəyirik. Belə ki, Sizin məktubların Sizə çatmaması ilə bağlı xəbərdarlığınıza baxmayaraq bu gün də bəzi məmurlar, nazirlər, komitə sədrləri, icra başçıları ərizə və şikayətlərin Sizə çatmasında maraqlı deyillər.
Nəinki maraqlı deyillər, hətta buna görə, bizə, konkret olaraq rəhbərlik etdiyim Gündəlik-Bakı qəzetinə ciddi təzyiq və təhdid edirlər.
Cənab Prezident !
Həmin məmurlar öz vəzifə və digər imkanlarından istifadə edərək vətəndaşların etiraz dolu şikayətlərini susdurmaq istəyirlər. Ki, şikayətlər Sizə yetişməsin.
Bu məqsədlə biz media orqanlarını da susdurmağa çalışırlar.
Cənab Prezident !
Konkret olaraq son 1-2 ildə bizə belə təzyiqlərin sayı-hesabı yoxdur.
Onların tələbi birdir ki, biz bu şikayətləri ictimailəşdirməyək.
Cənab Prezident !
Bizim də bir media olaraq imkanlarımız və resurslarımız sonsuz deyil.
Bizim də dözümümüzün bir həddi var.
Amma böyük türk şairi Nazim Hikmətin bir sözünü unuda bilmirik:
Sən yanmasan,
Mən yanmasam,
Biz yanmasaq,
Nasıl çıxar qaranlıqlar, aydınlığa…
Möhtərəm, Prezidentimiz !
Biz bu hüququ tapdalanan vətəndaşların problemlərini yazmasaq, bəs kim yazacaq..?
Cənab Prezidentimiz!
Bütün məhrumiyyətlərə, təqiblərə, təzyiqlərə baxmayaraq biz sizin müdafiə etdiyiniz haqq yolumuzdan dönən deyilik və sonadək Sizin Siyasi kursunuzu dəstəkləyəcəyik.
Amma Sizdən xahişimiz budur ki, Siz də bizi məmurların təzyiqindən və təqibindən xilas edin !
Allah millətimizi və dövlətimizi qorusun.Dərin hörmətlə, “Gündəlik Bakı” qəzetinin təsisçisi və Baş redaktoru Habil Vəliyev.