“Hazırda ölkədə media sahəsinə dair qanunvericiliyin təkmilləşdirilməsi, ifadə azadlığının daha çox təmin edilməsi istiqamətində müvafiq iş davam etdirilir, qanunvericilikdə mövcud olan bəzi tələblərin yumşaldılması imkanları təhlil edilir”.
“AZİNFORMASİYA.AZ”ın xəbərinə görə, bu fikirlər Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun “Media islahatları: yeni hədəflərə doğru” məqaləsində yer alıb.
“İstənilən ölkədə medianın inkişafının ilkin şərtlərindən biri jurnalistlərin peşəkarlığının artırılması, onların problemləri və ehtiyacları ilə bağlı tədbirlərin görülməsidir. Agentlik bu istiqamətdə istər müstəqil şəkildə, istərsə də yerli və xarici tərəfdaşlarla birgə müntəzəm olaraq müxtəlif təlimlər, treninqlər və digər tədbirlər həyata keçirməkdədir. Bununla yanaşı, Agentlik tərəfindən media subyektlərinin rəhbərləri üçün menecment və idarəetməyə dair xüsusi seminarlar, region mediasının inkişafı ilə bağlı müxtəlif bölgələri təmsil edən media subyektlərinin nümayəndələri ilə videokonfrans formatında görüş təşkil edilib”, – o vurğulayıb.