Zelenski: Ukrayna Rusiyadan 30 günlük atəşkəs tələb edir

Ukrayna Avropa ölkələri və ABŞ ilə birlikdə 12 may tarixindən etibarən tam və şərtsiz atəşkəsin başlanması barədə razılığa gəlib. Bu atəşkəsin azı 30 gün davam etməsi nəzərdə tutulur.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “İstəklilər Koalisiyası” ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib.

“Biz birlikdə Rusiyadan bunu tələb edirik. Bilirik ki, bu məsələdə bizi Amerika Birləşmiş Ştatları dəstəkləyir. Şərtsiz atəşkəs – yəni heç bir şərt olmadan. Hər hansı bir şərt irəli sürmək niyyəti, münaqişəni uzatmaq və diplomatik prosesi pozmaq istəyi deməkdir. Atəşkəs hərtərəfli olmalıdır – havada, dənizdə və quruda”, – deyə Zelenski vurğulayıb.

Zelenskinin sözlərinə əsasən, ABŞ ilə koordinasiya şəraitində atəşkəsin monitorinqini təmin etmək tamamilə mümkündür. Bu 30 günlük atəşkəs diplomatiyaya real şans verəcək.

“Bu müddət ərzində iş təhlükəsizlik, siyasi və humanitar sülh əsaslarının müəyyənləşdirilməsinə yönəldiləcək. Biz sevinirik ki, atəşkəsin və məzmunlu diplomatiyaya keçidin zəruriliyi bütün tərəflər tərəfindən dəstəklənir – yalnız Avropa ölkələri deyil, həm də bu təşəbbüslə ilk çıxış edən ABŞ”, – deyə Zelenski bildirib.

Fransa Prezidenti Emmanuel Makron isə əlavə edib ki, atəşkəsdə əsas rolu ABŞ oynayacaq, ancaq bütün tərəfdaş ölkələr bu prosesdə iştirak edəcək.

“Pozuntu halında biz Rusiya Federasiyasına qarşı genişmiqyaslı sanksiyaların tətbiqi ilə bağlı razılığa gəldik. Bu məsələ amerikalılar və avropalılar tərəfindən hazırlanacaq və koordinasiya olunacaq”, – deyə Makron vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir