“Tomohawk” raketlərini Avropa ölkələrindən də ala bilərik.
Azinformasiya.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqı Şurasının iclasında çıxışında bildirib.
“Uzaqmənzilli silahlar təkcə ABŞ-da deyil, bəzi Avropa ölkələrində də mövcuddur. Xüsusilə “Tomahawk” raketləri kimi silahlar onlarda da var və artıq bizə kömək edə biləcək ölkələrlə danışıqlar aparırıq”, – Zelenski vurğulayıb.
Ukrayna Prezidentinin sözlərinə əsasən, bu cür silahlar müharibənin dönüşünü dəyişmək gücünə malikdir. O, Avropa İttifaqı ölkələrini Ukraynanın müdafiə imkanlarını gücləndirməyə çağırıb.
Zelenski qeyd edib ki, beynəlxalq ictimaiyyətin güclü təzyiqi Rusiya Prezidenti Vladimir Putini reallığa qaytarmalıdır.
“Biz sanksiyaların gücləndirilməsi barədə danışanda bu yalnız Ukraynanın müdafiəsi ilə bağlı deyil. Sanksiyalar Rusiyanın hərbi maşınını zəiflədir, həmçinin Putinin ətrafındakı oliqarxlar və korporasiyalara da təsir göstərir. Onlar anlamalıdırlar ki, Putin və onun müharibəsi onların həyatına, pullarına və gələcəyinə təhlükədir”, – Ukrayna dövlət başçısı əlavə edib.
Zelenski Avropa ölkələrini Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə, dondurulmuş rus aktivlərini müsadirə etməyə və Ukraynaya yeni hava hücumundan müdafiə sistemləri göndərməyə çağırış edib.
“Biz birlikdə hərəkət etməliyik – sürətlə, qətiyyətlə və gecikmədən”, – Zelenski vurğulayıb.
Azinformasiya.az