Zelenski: Müharibə davam etdiyi müddətdə Ukrayna NATO-nun üzvü olmayacaq

“Bu gün tərəfdaşlarımızdan Ukrayna üçün yeni hərbi yardım paketlərinin göndərilməsi ilə bağlı müsbət xəbərlər var. Mən tərəfdaşlarımıza təşəkkür edirəm”.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Vilnüs sammiti çərçivəsində NATO Baş katibi Yens Stoltenberq ilə birgə mətbuat konfransında bildirib.

“Müharibənin davam etməsinə rəğmən, biz orduda, ölkədə islahatları davam etdiririk. NATO-nun bizim müvəffəqiyyətlərimizi tanıması və MAP-ın aradan qaldırmasına görə təşəkkür edirəm”, – o vurğulayıb.

Zelenski təhlükəsizlik zəmanəti barədə də danışıb: “Təhlükəsizlik zəmanəti bizim üçün çox vacibdir. Bu zəmanət G7 ölkələri tərəfindən verilə bilər. Biz bu istiqamətdə işləyəcəyik. Ümumilikdə sammitin nəticələri yaxşıdır, lakin biz dəvət alacağımız gün bu ən yaxşı nəticə olacaq”.

Zelenski qeyd edib ki, Ukrayna savaşır: “Həmçinin biz anlayırıq ki, torpaqlarımızda müharibə davam etdiyi müddətdə Ukrayna NATO-nun üzvü olmayacaq. Ancaq verilən siqnallar bizim üçün vacibdir. Çünki ikitərəfli görüşlərdə tərəfdaşlarımızın verdiyi bəyanatlarda əminlik var”.

Zelenski NATO üzvlüyünə dəvət məsələsini texniki siqnal kimi qiymətləndirib: “Yalnız namizədlik hərəkətlilik, canlanma gətirir və Rusiya üçün güclü siqnal göndərir”.

Ukrayna dövlət başçısı, həmçinin qeyd edib ki, əgər bu gün G7 ölkələri təhlükəsizlik zəmanəti ilə bağlı deklarasiya barədə razılığa gəlsələr, bu xüsusi hal olacaq.

Zelenski bildirib ki deklarasiyanın verəcəyi təhlükəsizlik zəmanəti Ukraynanın NATO-ya inteqrasiyası prosesində qüvvədə olacaq: “G7 ölkələrinin qəbul edəcəyi bu sənəd ilk hüquq sənəd ola bilər ki, bir növ Ukrayna üçün təhlükəsizlik çətiri yaratmış olsun”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir