“Ukrayna əvvəlcə Rusiya Federasiyasının mümkün təkrar hücumunun qarşısını almaq üçün NATO-ya üzvlük formasında təhlükəsizlik zəmanətləri əldə etmək istəyirdi”.
Azinformasiya.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski jurnalistlərlə söhbətində danışıb.
Zelenskinin sözlərinə əsasən, bu istiqamət ABŞ və Avropadakı bəzi tərəfdaşlar tərəfindən dəstəklənməyib. Məhz buna görə də hazırda Ukrayna ilə ABŞ arasında ikitərəfli təhlükəsizlik zəmanətləri, yəni ABŞ tərəfindən Ukrayna üçün NATO-nun 5-ci maddəsinə bənzər zəmanətlər, eyni zamanda Avropadakı tərəfdaşlardan və Kanada, Yaponiya və digər ölkələrdən təhlükəsizlik zəmanətləri müzakirə olunur. Zelenski qeyd edib ki, bu zəmanətlər Ukrayna üçün Rusiyanın yeni təcavüzünün qarşısını almaq imkanı yaradır və bu, artıq Ukraynanın öz tərəfindən verilmiş bir kompromisdir.
Daha əvvəl Axios nəşrinin jurnalistləri ABŞ-ın Ukraynaya NATO-nun 5-ci maddəsi əsasında təhlükəsizlik zəmanətləri təklif etdiyini yazmışdı. Eyni zamanda nəşrin məlumatına əsasən, Vaşinqton razılaşmaya nail olmaq üçün Kiyevdən Donetsk və Luqansk vilayətlərində nəzarətində olan əraziləri tərk etməyi hələ də tələb edir. Xüsusilə, ABŞ Ukraynaya ərazi güzəştlərini nəzərdə tutan sülh razılaşması ilə bağlı referendum keçirməyi təklif edir.
“Biz ukraynalılara elə təhlükəsizlik zəmanətləri vermək istəyirik ki, bir tərəfdən bu, boş vəd olmasın, digər tərəfdən isə kifayət qədər güclü olsun. Biz bunu səsvermə üçün Konqresə təqdim etməyə hazırıq”, – deyə amerikalı rəsmi bildirib.
Azinformasiya.az