Zelenski: ABŞ-a təqdim etdiyimiz sülh planı son versiya deyil

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, dekabrın 10-da ABŞ-a təqdim edilən sülh planı hələ tamamlama mərhələsindədir və yekun variant hesab edilmir.

 

Azinformasiya.az  xəbər verir ki, o, bu barədə jurnalistlərlə görüşü zamanı danışıb.

Onun sözlərinə əsasən, sülh təşəbbüsü bir neçə sənəddən ibarətdir və həmin sənədlərin bir çoxunun üzərində hələ iş aparılacaq. Prezident qeyd edib ki, bu sənədlərin məzmunu 20 maddəlik əsas planın hansı formada qəbul ediləcəyindən asılıdır.

Dövlət başçısı təhlükəsizlik təminatlarının hazırlanmasının davam etdiyini vurğulayıb. O deyib ki, təminatlar real olmalı və Ukraynanın üçüncü dəfə Rusiya hücumuna məruz qalmaması üçün effektiv mexanizm yaratmalıdır.

Zelenski bildirib ki, ABŞ sülh planının qəbulu üçün konkret müddət müəyyən etməyib, ancaq Vaşinqton müharibənin mümkün qədər tez bitməsində maraqlıdır.

Prezident qeyd edib ki, Rusiyanın hazırda ciddi iqtisadi problemləri var və ölkə danışıqlarda fasiləyə ehtiyac duyur. O həmçinin qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın təzyiqi Moskvanın maraqlarına uyğun deyil.

Zelenski onu da açıqlayıb ki, sülh razılaşmasının hazırkı layihəsində Ukrayna Silahlı Qüvvələrinin sayının 800 min hərbçi olması nəzərdə tutulur.

Ukrayna lideri eyni zamanda bildirib ki, Rusiya əsir mübadiləsini ləngidir və bunu ümumi siyasi razılaşmalar əldə etmək istəyi ilə əlaqələndirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir