“Bloomberg”in Rusiyanın Ukrayna ilə bağlı sülh planına düzəlişlər etməsi ilə bağlı məlumatı feykdir.
Azinformasiya.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə əsasən, “Bloomberg”in Kremlə yaxın etibarlı mənbələri yoxdur, ancaq etibarsız mənbələri var.
Qeyd edək ki, “Bloomberg” Kremlə yaxın mənbəyə istinadən Zelenskinin açıqladığı Ukrayna və ABŞ arasında razılaşdırılmış sülh planında Rusiya üçün vacib olan müddəaların olmadığını və bu planın Moskvanın bir çox suallarına cavab vermədiyini yazıb.
Bununla belə, mənbə Moskvanın bu planı gələcək danışıqlar üçün başlanğıc nöqtəsi kimi gördüyünü söyləyib.
Mənbə həmçinin qeyd edib ki, Rusiya sənədi “kifayət qədər tipik Ukrayna planı” hesab edir, lakin onu “soyuqqanlılıqla” araşdıracaq.
Mənbənin sözlərinə əsasən, Rusiya NATO-nun daha da şərqə doğru genişlənməsi və Ukraynanın Avropa İttifaqına qoşulacağı təqdirdə neytral statusu üçün zəmanətlərin olmamasından narazıdır. Planda eyni zamanda Rusiyanın tələb etdiyi Ukraynanın müharibədən sonrakı silahlı qüvvələrinə qoyulan məhdudiyyətlər və rus dilinin statusu ilə bağlı aydın zəmanətlər yoxdur.
Bundan başqa, Rusiya “sanksiyaların qaldırılmasına və Qərbdə dondurulmuş yüz milyardlarla dollarlıq Rusiya dövlət aktivlərinə aydınlıq gətirilməsini” istəyir.
Azinformasiya.az