“Türkiyənin İstanbul şəhərində keçirilən “SAHA EXPO 2022″ müdafiə, aerokosmik və kosmik sənaye sərgisi yüksək səviyyədə təşkil edilib. Bizim Türkiyə Silahlı Qüvvələri ilə sıx əməkdaşlığımız var”.
“Report”un yerli bürosunun xəbərinə görə, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyədə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Nazir bildirib ki, son illərdə Türkiyənin silah istehsalında çox böyük irəliləyiş var: “Prezidentin tapşırığına uyğun olaraq, Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində böyük işlər görürük”.
Qeyd edək ki, oktyabrın 25-də İstanbul şəhərində 876 şirkət və 24 universitetin iştirakı ilə “SAHA EXPO 2022” müdafiə, aerokosmik və kosmik sənaye sərgisi öz işinə başlayıb. Azərbaycanın qonaq qismində milli stendi ilə qatıldığı tədbirdə ölkəni müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə sənayesi naziri Mədət Quliyevin rəhbərliyi altında nümayəndə heyəti təmsil edir.