“Ordumuz işğaldan azad edilən torpaqlarımızda öz mövqelərini daha da möhkəmləndirərək, dövlət başçısının rəhbərliyi altında başlayan genişmiqyaslı quruculuq və bərpa işlərinə öz layiqli töhfələrini verir”.
Azinformasiya.Az-ın xəbərinə görə, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə ünvanladığı təbrikdə qeyd edib.
“Ötən il sentyabrın 27-də Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə başlayan Vətən müharibəsində Böyük Zəfərin qazanılmasında rəşadətli Azərbaycan Ordusunun şəxsi heyəti misilsiz qəhrəmanlıq, fədakarlıq nümunələri göstərərək 30 ilə yaxın müddətdə düşmən işğalında olan torpaqlarımızı azad etdi. Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, yüksək diplomatik bacarığı, cəsarətli, qətiyyətli addımları nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu gün rəşadətli Azərbaycan Ordusunun işğaldan azad etdiyi torpaqlarda üçrəngli bayrağımız əzəmətlə dalğalanır.
Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi anda və nizamnamələrə daim sadiq qalaraq, döyüş və mənəvi-psixoloji hazırlığınızı gücləndirəcək, xidmətinizdə yeni uğurlar əldə etmək üçün səy və bacarıqlarınızı artıracaqsınız”, – nazir vurğulayıb.