ABŞ administrasiyası Cənubi Qafqazda sülhün yaranacağına əmindir.
Azinformasiya.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim bu gün Senatın Xarici Əlaqələr Komitəsində Qarabağdakı vəziyyətlə bağlı keçirilən dinləmələrdə deyib.
O bildirib ki, ölkəsi sülhün yaranmasında maraqlıdır.
“Hesab edirik ki, Ermənistan ilə Azərbaycan arasında sülhün əldə olunması regionla yanaşı ABŞ-ın milli təhlülkəsizlik maraqlarına uyğundur. Dayanıqlı və ləyaqətli sülh enerji təhlükəsizliyinə və regional nəqliyyat t əlaqələrinin inkişafına təkan verəcək. Bu regionda sülh üçün ciddi problemlərdən biri etibarın və etimadın olmamasıdır. Bu da on illiklərdir davam etmiş münaqişənin və qeyri-stabilliyin nəticəsidir. Biz bütün tərəfləri konstruktiv işləməyə təşviq etməli və həvəsləndirməliyik”, -deyə o qeyd edib.
Yuri Kim vurğulayıb ki, dayanıqlı sülhə müvəffəq olmaq üçün Rusiya Çin və İran kimi aktorların regionda pisniyyətli təsirinə qarşı mübarizə aparmaq lazımdır.
O xatırladıb ki, ABŞ dövlət katibi Blinkenin də iştirakı ilə Ermənistan və Azərbaycan XİN rəhbərləri sülh danışıqları çərçivəsində bir neçə dəfə görüşüb.
Yuri Kim, həmçinin qeyd edib ki, bu görüşlər delimitasiya məsləsinin müzakirəsinə başlanılması kimi müəyyən nəticələr verib.
Azinformasiya.az