Azərbaycan Respublikasında 29 yanvar 2025-ci il tarixinə təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi davam etməkdədir.
Azinformasiya.az xəbər verir ki, təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) Suraxanı rayonu, Qaraçuxur bələdiyyəsi üzrə namizədləri növbəti səyyar görüşlərini keçiriblər. Yeni Günəşli, “Q” yaşayış sahəsi, 21, 22 və 23 saylı binaların (Abad məhəllə-red) sakinləri ilə baş tutan görüşdə Qaraçuxur bələdiyyəsinin sədri, YAP-ın Qaraçuxur bələdiyyəsi üzvlüyünə namizədi İxdiyar Nəcəfov, Arif Şahmuradov, Mirvari Quliyeva, Rəşad Rzayev və İlham Mirzəyev iştirak ediblər.
Seçiciləri salamlayan Qaraçuxur bələdiyyəsinin sədri İxdiyar Nəcəfov Azərbaycanın Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında dünyanın ən qüdrətli və təhlükəsiz ölkələrindən birinə çevrildiyini bildirib. Bələdiyyə sədri “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanunun qəbuluna diqqət yetirərək büdcədə müdafiə və milli təhlükəsizlik xərclərinin artırıldığını deyib. O vurğulaylb ki, həmin xərclər 8 milyard 555 milyon manata çatdırılıb. Beləliklə, müdafiə və milli təhlükəsizlik xərcləri ümumi büdcə xərclərinin 20.6%-in təşkil edib: “İlkin olaraq adıçəkilən xərclər 6 milyard 658 milyon manat həcmində nəzərdə tutulmuşdu. Ermənistanda silahlanmanın miqyasını nəzərə alaraq, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılıb. Büdcədən bu sahəyə ayrılan vəsaitin artırılması ölkəmizin hərbi qüdrətini daha da möhkənləndirəcək”.
İxdiyar Nəcəfov onu da bildirib ki, Azərbaycan sülh və sabitlik tərəfdarı olsa da, Ermənistanın hansısa formada silahlandırılması Azərbaycan Prezidentinin onlara sərt xəbərdarlıq etməsi ilə nəticələnib: “Bir neçə gün əvvəl dövlət başçısı açıq şəkildə bildirdi ki, Ermənistanın silahlanmasının heç bir məntiqi izahı yoxdur, çünki o Azərbaycanla qarşıdurmada iki dəfə məğlub olub. Ermənistan öz işğalçılıq siyasətində tamamilə iflasla üz-üzə qalmışdır. Bizimlə bu bölgədə hərbi müstəvidə heç bir qüvvə rəqabət apara bilməz. İlham Əliyev cənabları Cənubi Qafqazı sülh, əmin-amanlıq, əməkdaşlıq bölgəsinə çevirmək niyyətindədir. Ermənistanın genişmiqyaslı və sürətli silahlanması, öldürücü silahların tədarükü bu sülhü, mümkün olan sülhü poza bilər. İstənilən halda güclü Azərbaycan Ordusu baş verə biləcək bütün təxribatların qarşısı almağa və Ermənistanı növbəti dəfə rüsvaycasına məğlub etməyə qadirdir”. İxdiyar Nəcəfov həmçinin sakinlərlə söhbət zamanı onların qalib Azərbaycanın seçiciləri olaraq bələdiyyə seçkilərində iştirak edəcəklərini söyləyib: “Azərbaycan öz suverenliyini bərpa etdikdən sonra həm prezident, həm də parlament seçkiləri keçirildi. İndi isə bələdiyyə seçkiləri keçiriləcək. Biz bu seçkilərə qalib ölkənin qalib vətəndaşları kimi getməyin qürurunu yaşayırıq. Dövlətimiz, bizlər hər zaman sizin yanınızdayıq. Çox sağolun ki, görüşdə iştirak edib bizi dəstəkləyirsiniz”.
YAP-ın digər namizədləri Arif Şahmuradov, Mirvari Quliyeva, Rəşad Rzayev və İlham Mirzəyev də çıxış edərək partiyanın seçki proqramı haqqında məlumat veriblər. Sakinlər də öz növbəsində onlarla görüşə gəldikləri üçün YAP-ın namizədlərinə təşəkkürlərini bildirib və seçkidə mütləq aktiv olacaqlarını vurğulayıblar.
Onu da qeyd edək ki, görüş zamanı bina sakinləri onları maraqlandıran suallara cavab tapıblar və müxtəlif təkliflərini səsləndiriblər.
Azinformasiya.az