Pərvin Mahmudov,
44 günlük Vətən müharibəsinin iştirakçısı, Yeni Azərbaycan Partiyasının fəalı
Azərbaycan xalqı dünyanın ən xoşbəxt xalqlarından biridir. Bəşəriyyətin dünyaya bəxş etdiyi nadir şəxsiyyətlər var ki, onlar doğulduqları ölkənin həyatında silinməz iz qoymağı bacarırlar. Uca Allah XX əsrdə Azərbaycana məhz həmin şəxsiyyəti – Heydər Əliyevi bəxş etdi.
Hələ sağlığında ölümsüzləşən, polad iradəyə malik olan, bütün mənalarında zamanı qabaqlamağı bacaran Heydər Əliyev fenomeni Azərbaycan xalqının yaddaşına Ulu Öndər kimi həkk olundu. Ümummilli Liderimizin şərəfli ömür yolunun xalqına, böyük Türk dünyasına və bəşəriyyətə nə qədər yaxın və dəyərli olduğu daha aydın görünür. Onun məqsədyönlü fəaliyyəti nəticəsində müstəqil Azərbaycan dövləti azadlıq qazanaraq qısa müddətdə dünya dövlətləri sırasında öz layiqli yerini tutdu. İnkişaf etmiş dövlətlərlə iqtisadi və siyasi əlaqələr quruldu. Ulu Öndərin sayəsində müstəqil Azərbaycan Respublikası azərbaycançılıq fəlsəfəsi əsasında qısa müddətdə tanınıb möhkəmləndi, inkişaf etmiş dünya ölkələri ilə əlaqələr qurdu, bütün sahələrdə uğurlar əldə etdi, öz haqqını dünyanın ən ali məclis və təşkilatlarında nümayiş etdirdi, dünya ölkələri iqtisadi və siyasi böhran keçirdiyi bir dövrdə inkişafa nail oldu.
Xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında, onun dövlətçiliyimizin ayrılmaz tərkib hissəsinə və dövlət siyasətinin aparıcı qoluna çevrilməsində Ümummilli Lider Heydər Əliyev şəxsiyyəti mühüm rol oynamışdır. Əbədiyaşarlıq qazanan dahi rəhbərimizin fəaliyyətində bir tamlıq mövcuddur. Böyük şəxsiyyət azərbaycançılığın yaradıcısı, ilhamçısı və müdafiəçisi olmuşdur.
Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən hakim Yeni Azərbaycan Partiyasının (YAP) yaranması da məhz Ulu Öndərin adı ilə bağlıdır. Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır. Həmin dövrdə xaos və qeyri-sabitliyin hökm sürdüyü Azərbaycanın düçar ola biləcəyi daha böyük fəlakətlərin qarşısını almaq, məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya olan dövlətimizi xilas etmək məqsədilə xalqımızın milli maraqlar ətrafında birləşmiş sağlam qüvvələri, o cümlədən ziyalılar Ulu Öndər Heydər Əliyevə müraciət etdi. 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalının imzaladığı müraciətdə deyilirdi: “Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.
Ümummilli Lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.
Nəticə etibarilə, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu öndər Heydər Əliyev partiyanın sədri seçildi. YAP-ın yaranması, Ümummilli Lider Heydər Əliyevin bu partiyaya sədr seçilməsi respublikanın o zamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da kəskinləşməsindən irəli gələn tarixi zərurət oldu.
Xalqın Ümummilli lider Heydər Əliyevə olan inamı isə tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. Ümummilli Liderimizin nüfuzu, Azərbaycan xalqının ona göstərdiyi yüksək etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Yeni Azərbaycan Partiyası dünyada analoqu olmayan bir siyasi təşkilat kimi yarandığı müddətdən 7 ay sonra siyasi hakimiyyətə gəldi. Heydər Əliyevin Azərbaycana ikinci dəfə rəhbərliyi dövründə, yəni 1993-2003-cü illər ərzində Yeni Azərbaycan Partiyası sıralarını daha da genişləndirdi, eyni zamanda bazasını möhkəmlətdi.
Ulu Öndərdən sonra doğma partiyamızın sədri Cənab İlham Əliyev seçildi. Yadınızdadırsa Ulu Öndər Heydər Əliyev 2003-cü il oktyabrın 1-də doğma xalqına ünvanladığı son müraciətində bu sözləri demişdi: “Üzümü sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Ulu Öndərin bu tarixi müraciətində söylədiyi bütün fikirlər zamanla öz təsdiqini tapdı. Belə ki, Prezident İlham Əliyev Azərbaycan xalqı üçün ən taleyüklü məsələ olan Qarabağ problemini kökündən həll etmiş oldu. 2020-ci ilin 27 sentyabr tarixində başlanan 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında dünya hərb tarixində misli görünməmiş qələbə qazandı. Bununla da İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Azərbaycanın ərazi bütövlüyünü bərpa etmiş oldu.
Azərbaycan xalqı əmindir ki, Yeni Azərbaycan Partiyasının lideri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin dediyi və özünün ölkəyə rəhbərlik etdiyi müddətdə sübuta yetirdiyi kimi, bundan sonra da yüksək intellekti, praqmatik düşüncəsi, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilməsi, enerjisi və təşəbbüskarlığı sayəsində xalqımızın dinc və firavan həyat səviyyəsini təmin etmək, respublikamızın müstəqilliyini və suverenliyini daha da möhkəmləndirmək istiqamətində yeni və çox möhtəşəm uğurlara imza atacaqdır. Məhz buna görə Yeni Azərbaycan Partiyası hazırda nəinki Azərbaycanda, həm də beynəlxalq miqyasda ən böyük partiya olmaqla öz sıralarında yüz minlərlə insanı birləşdirərək aparıcı siyasi qüvvəyə çevrilmiş, yüksək nüfuz qazanmışdır. 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının yaradılmasının 33 ili tamam olacaq. Bu münasibətlə partiyamızın sədri, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev başda olmaqla bütün partiyadaşlarımızı ürəkdən təbrik edir və onlara yeni-yeni uğurlar arzu edirəm.
Yaşasın müstəqil və bütöv Azərbaycan!
Azinformasiya.az