Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Suraxanı rayonu, Qaraçuxur bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədləri İxdiyar Nəcəfov, Arif Şahmuradov, Rəşad Rzayev və Vurğun Əliyevin növbəti səyyar görüşləri keçirilib.
Azinformasiya.az xəbər verir ki, Qaraçuxur qəsəbəsi, Tərlan Şirinov küçəsində yerləşən “Vətən şəhidləri unudulmur” parkında, Yeni Günəşli Samir Cəfərov küçəsi 9a ünvanında və Yeni Günəşli “D” yaşayış sahəsi bina 17-nin qarşısında baş tutan görüşlərdə cənab prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət kursunun uğurlu nəticələrindən danışılıb. Yerli özünüidarəetmə orqanı olan bələdiyyələrin inkişafı istiqamətində mühüm addımların atıldığı diqqətə çatdırılıb. Namizədlər YAP-ın ölkəmizin tərəqqisindəki, müstəqil dövlətçiliyimizin əsaslarının möhkəmlənməsindəki tarixi rolu və misilsiz xidmətlərindən söz açıb. Bildirilib ki, dövlətimizin güclü mövqeyi regional sülh və sabitlik üçün əlverişli zəmin formalaşdırır. Bu prizmada YAP-ın seçki proqramı və dövlətimizin strateji məqsədləri cəmiyyətimizin inkişafı və vətəndaşlarımızın rifahı üçün atılan addımların müsbət göstəricisidir. O da vurğulanıb ki, YAP bu günə qədər iştirak etdiyi bütün seçkilərdə möhtəşəm zəfərlərin altına imza ataraq qələbələr partiyası olduğunu sübuta yetirib.
Səyyar görüşlər zamanı bələdiyyə üzvlüyünə namizədlər vətəndaşları narahat edən məsələləri, eyni zamanda təklifləri dinləyərək müvafiq qeydlər aparıblar. Bir sıra problemlərin həllinə yerindəcə nail olunub.
Bələdiyyə üzvlüyünə namizədlər seçiciləri seçkilərdə fəal olmağa və YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Azinformasiya.az