Əməkdar jurnalist, məşhur aparıcı Xoşqədəm Hidayətqızı Xəzər TV ilə yollarını ayırması barədə yayılan xəbərlərə münasibət bildirib.
Azinformasiya.Az xəbər verir ki, o, öz istəyi ilə televiziyadan ayrıldığını açıqlayıb:
“Diqqətinizə çatdırım ki, düz bir il əvvəl, 2020-ci il iyul ayında mənim üçün əziz olan Xəzər TV-dən ayrılmaq istəmişdim, amma həmin ərəfədə baş verən hadisələr məni dayandırdı. Noyabr ayında çox böyük haqsızlıqla üz-üzə qaldığım vaxt belə kanaldan ayrılmağı qeyri-etik saydım. Bir TV-ni sezonun ortasında pis vəziyyətdə qoymaq heç bir peşəkarlığa sığmazdı. Məhz, buna görə mən sezon bitənə qədər gözlədim. İyulun 23-ü veriliş bitdi və növbəti həftə artıq rəhbərliyə kanaldan ayrılmaq istədiyimi bildirdim. Bütün dünyada olduğu kimi, mən də sezon bitəndə çalışmaq istəmədiyimi açıqladım. Təbii ki, rəhbərlik buna razılıq vermədi, mənə düşünmək üçün vaxt verdi, istəklərimin hamısını nəzərə alacağını bildirdi. Amma… Özüm öz istəyimlə bu qərarı verdim. Təbii ki, bir kanal üçün 3 saatlıq efir vaxtını dolduran, TV-yə böyük pullar gətirən, reytinq gətirən bir layihəni itirmək asan deyil. Bütün dünyada bu cür ayrılmalar var, TV-lər transferlər edir, elə ən çox baxdığımız türk kanallarına diqqət edin.
Hər kəsə bəllidir ki, “Səni Axtarıram” mənə aid, rəhbəri olduğum bir layihədir. Yəni, hansısa bir TV-nin layihəsi deyil ki, bu layihənin müəllifi çalışdıgı kanalla yolların ayıranda layihə bağlandı və s. yazaq. Elə çox da uzağa getməyək. Murad müəllimin özünün müəllifi olduğu “Maşın Şou” Lider tv-də başladı, ATV-yə getdi, daha sonra ANS-də , sonra təkrar ATV -də layihəsini davam etdirdi. Burada nə var? Bu fotonu bilərək paylaşıram ki, biləsiniz, körpələrimlə birlikdə böyüməsi üçün böyük fədakarlıq göstərdiyim, əmək sərf etdiyim kanaldan ayrılmaq heç də asan deyil. Onlar yeni doğulmuşdu, mən Arını xəstəxanada qoyub, Tümenə yeni sezon üçün çəkilişə getdim. 4 ayları var idi, artıq mən onları yalnız gecə işdən gələndə görürdüm. İşə başladığım kanalın o vaxtki durumunu hər kəs çox yaxşı bilir. Düşünün, bu layihəni tamaşaçımın olmadığı bir TV-də baxımlı etməklə yanaşı bir TV-nin reytinqini qaldırmaq, sponsorlar cəlb etmək üçün nə qədər əmək sərf etmişəm.
Əmək verdiyim bir kanaldan ayrılmaq sizcə asandırmı? Təbii ki, yox! Amma elə şeylər olur ki, insan heç nəyə baxmır. Mən kimsəni qırmadan öz ərizəmlə ayrıldım (ərizəni paylaşa bilərəm, amma etik deyil). Xəzər TV mənim öz doğma kanalımdır, o cümlədən Murad müəlllim mənim üçün çox doğmadır. Elə olmasaydı, ən şad günümü ona etibar etməzdim. Biz hər ikimiz zəhmətimizlə bir yerlərə gəlmiş insanlarıq və rəhbərim olduğu müddətdə münasibətlərimiz qarşılıqlı hörmət və dostluq üzərində olub. Noyabrda haqsızlıqla qarşılaşanda mənə dəstək veren doğmalarımdan biri olub.
Deməyim odur, Murad Dadaşov bir qadınla savaşacaq kişiliyə sahib biri deyil ki, ona görə kanaldan gedim. Mənim ayrılmamın rəhbərliyimə, dostluq etdiyim bir insanla münasibətlərimə heç bir aidiyyatı yoxdur! Ayrılmaq düşmən olmaq demək deyil. Axı niyə biz istər işdə, istər ailədən ayrılarkən düşmənçilik kimi anlayırıq, o tərəfə çəkirik? Elə, Türkiyə televiziyalarında da bu hallar yaşanır və çox da normal qarşılanır. Bu il Seda Sayan da dostu Acunun kanalından ayrılıb, digər kanala keçdi. İndi düşmən olsunlar? Niyə başqa ölkələrdə bu cür ayrılmalar normal qarşılanır, amma biz nəsə axtarırıq?!
Nə isə, çox vaxtınızı almayım, rahat olun mən özüm ayrılmışam və hazırda istirahət edirəm. Hə, yeri gəlmişkən, “Səni axtarıram”ın mövsüm finalında dediyim kimi, harada olmağımdan asılı olmayaraq, hər zaman sizinləyəm. İstirahətdəyəm, icazənizlə istirahət edim, çünki bu istirahət mənim haqqımdır”.