“Bildiyimiz kimi, 44 günlük Vətən müharibəsində Azərbaycanın rəşadətli ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad etdi və 30 ildə beynəlxalq təşkilatların və beynəlxalq ictimaiyyətin edə bilmədiyi, beynəlxalq birliyin reallaşdıra bilmədiyi işğala son qoydu. Prezident İlham Əliyev mütəmadi olaraq işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına səfərlər edir, açılışlar edir, təməlqoymalarda iştirak edir. Prezidentin növbəti səfərləri də çox maraqlı açıqlamalar, söylədiyi fikirlərlə yadda qaldı”.
Bunu “Qafqazinfo”ya açıqlamasında millət vəkili Naqif Həmzəyev bildirib.
O qeyd edib ki, hazırda post-münaqişə dönəmində Azərbaycanın təklif etdiyi bir çox məsələlər var ki, onların əsası Ermənistanla münasibətlərin qurulması, qarşılıqlı olaraq ərazilərin tanınması və xoş münasibətlərin yaradılmasıdır. Bu da nəticə etibarilə tək Azərbaycan- Ermənistanm münasibətləri deyil, regionda uzun müddətli, dayanıqlı sülhə nail olmağın tək və yeganə açarıdır. N. Həmzəyev bildirib ki, Azərbaycan bununla bağlı şərtlətini açıqlayıb və bir ilə yaxın müddət ərzində də öz fikirlərinin, öz söylədiyi şərtlərin üstündə durur:
“Bir müddət bundan öncə Ermənistanın baş naziri Nikol Paşinyanın da görüşə hazır olması fikrini səsləndirməsi, həmçinin Ermənistanın Türkiyə ilə münasibətlərini yaxşılaşdırmaq niyyətini səsləndirməsi, bəzi qüvvələri, xüsusilə də Ermənistana revanşist fikirlərlə yaşayan, hələ də münaqişənin bitmədiyini söyləyən və yenidən bu problemin alovlanmasını istəyən qüvvələri narahat etməkdədir. Həmçinin, bu qüvvələrin havadarlarını narahat etməkdədir. Serjik də ağzına gələni danışır və hədəfi regionda baş tutacaq sülhün qarşısını almaqdır. Bildiyiniz kimi, Serjik uzun illər Ermənistanda müxtəlif vəzifələrdə çalışıb. Ondan əvvəl isə Azərbaycanın çörəyini yeyib. O, bir xəyanətkardır, ilk növbədə, azərbaycanlılara xəyanət edib, daha sonra öz xalqına xəyanət edib. Uzun illər bu münaqişənin sülh yolu ilə həllinin mümkün olmasına baxmayaraq, ona qarşı çıxıb. Ermənistan bu gün ağır və rüsvayçı məğlubiyyətə məruz qalmasının əsas səbəbkarı Serjik və onun havadarlarıdır. Çünki Serjik vaxtında düzgün qərar versəydi, bu rüsvayçılıq olmazdı. Məğlub olan Ermənistan ordusunun əsas qurucusu da Sejik özüdür. Unutmamalıyıq ki, Xocalı faciəsini törədən, günahsız insanlara, uşaqlara, qadınlara, yaşlılara əl qaldıran, silah qaldıran, işgəncə edən bir şəxsin kişilikdən danışmağa haqqı yoxdur. Özü də, Qafqaz qaydaları ilə kişilikdən danışmağa heç bir haqqı yoxdur. O, praktiki olaraq, əlində nə varsa itirib. Ermənistan xalqı sonuncu növbədənkənar Parlament seçkilərində ona öz yerinji göstərdi, Paşinyana öz səsini verdi. Bu da Serjik tərəfindən sinirilə bilmir. Düşünürəm ki, onun söylədikləri boş şeylərdir, heç bir haqqı yoxdur ki, bu cür danışsın. O, kişi olsaydı, sonuna qədər Qarabağda döyüşərdi, Xankəndidən qaçıb getməzdi, digər ermənilər kimi tələf olardı, şərəfini qoruyardı. Göründüyü kimi, onun şərəfi də yoxdur, gəvəzə-gəvəzə danışır. Onun danışıqlarına məhəl qoymamamlıyıq. Tezliklə sülh danışıqları baş tutduqdan sonra Ermənistan xalqı əgər Serjik və onun kimi qatil və xəyanətkarların cəzasını verməsə, Azərbaycan özü onların cəzasını verəcək. Haqq-ədalət məhkəməsində cavab verməli olacaqlar. Onları da narahat edən budur”.
Millət vəkili, həmçinin, əlavə edib ki, Azərbaycanın uzun illər ərazisi işğal altında saxlanıldığı üçün əksər müsəlman dövlətləri Ermənistanla diplomatik münasibətlər qurmadılar. Bunlar Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Cibuti və digərləridir. Bunlardan fərqli olaraq, bizim cənub qonşumuz – müsəlman dövləti, dost və əslində qardaş bildiyimiz İran işğalıçı Ermənistana qucaq açdı, dəstək oldu, humanitar yardım göstərdi, külli miqdarda sərmayə qoydu. Bu gün iranlıların əksəriyyətinin istirahət yeri Ermənistandır:
“Regionda yaranmış mövcud reallıqlar Ermənistanı narahat etdiyi kimi onların havadarlarını və bəzi qüvvələri də narahat edir. Lakin reallıqlar dəyişib, artıq Azərbaycan bu münaqişəni tarixə qovuşdurub. Azərbaycanın istəyi keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışını təmin etmək və regionda dayanıqlı sülhə nail olmaqdır. Azərbaycan öz ordusunun gücü və potensialı hesabına bunu edib və bundan sonra ordumuzun potensialı çatır ki, öz ərazisinin bütövlüyünü qorusun, mövcud təhlükələrə qarşı tədbirlər görsün. Düşünürəm ki, İranın Azərbaycan sərhədində hansısa təlimlər keçirməsi bə bunu “İsrail bu ərazilərə gətirilib” kimi əsaslandırmanın heç bir əsası yoxdur. Çünki Azərbaycan heç vaxt öz ərazisindən İrana qarşı başqa dövlətlərin istifadəsinə imkan verməyib. Əksinə, Ermənistan ərazisində fəaliyyət göstərən Amerika səfirliyi dünyada ən çox ştat və əməkdaşları olan səfirlik hesab olunur. Faktiki olaraq, Ermənistan öz ərazilərindən İrana qarşı başqa dövlətlərin istifadə etməsinə qeyri-rəsmi, məxfi olaraq icazə verib. Bunu niyə İran görmür? Niyə qardaş və müsəlman Azərbaycana yox, Ermənistana dəstək göstərir? Bu həqiqətən də, bizi narahat edən suallardan biridir. Həmçinin Ermənistanın İrana öz hava məkanını açaraq Ermənistan dronlarının bu ərazilərdə uçuşlar etməsinə icazə verməsi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın 4 günlük İrana səfəri müəyyən mətləblərdən xəbər verir”.
N. Həmzəyev İran Azərbaycana qarşı səmimi olacağına, nəhayət ki, Ermənistana yox, Azərbaycana öz dəstəyini göstərəcəyinə və ya Azərbaycanın daxili işlərinə qarışmayacağına inandığını vurğulayıb:
“Çünki Azərbaycan həmişə İrana qarşı səmimi olub, dostluq münasibəti sərgiləyib. Bunun qarşılığını biz mütləq görəcəyik. Əsas məsələ, biz regionda diktə edən tərəfik. Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Zəngəzur dəhlizinin açılmasına nail olacaq və regionda uzun müddətli sülh və əmin-amanlıq bərpa olunacaq”.